10 MAY MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASININ MEMARI VƏ QURUCUSU HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜDÜR

Müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün işıqlı həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin həyatının 40 ildən artıq bir dövrü ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunub. Odur ki, Azərbaycanın inkişaf prosesinin əsasını qoyan, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev xalqımızın qəlbində daim yaşayır və yaşayacaqdır.

            Qeyd edək ki, Heydər Əliyev təkrarolunmaz keyfiyyətlərə malik dahi şəxsiyyətdir. Azərbaycan tarixinin önəmli bir dövrü-XX əsrin ikinci yarısı, XXI əsrin başlanğıcı onun adı ilə bağlıdır. Xalqın bütün maddi və mənəvi həyat sverasına gətirdiyi zənginlikləri saymaqla bitməz. Çünki Ulu Öndərin taleyi millətin taleyi, xalqın taleyi idi. Millətinin dərdi, ağrısı onun dərdi, xalqının xoşbəxtliyi isə onun xoşbəxtliyi idi. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mənsub olduğu millətin dilini, tarixini, mədəniyyətini dünyaya tanıtdı. Bu mövzuda söhbət düşəndə deyirdi ki, dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən silmək üçün onun dilini, tarixini, eləcə də mədəniyyətini əlindən almaq kifayətdir. O, SSRİ kimi böyük imperiyanın tərkibində olan Azərbaycanın 1978-ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdur ki, bu da Heydər Əliyevin dilinə, dininə və milli dəyərinə bağlılığının parlaq təzahürüdür.

            Görkəmli şəxsiyyət hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır.

Taleyinə yalnız qurmaq və yaratmaq missiyası yazılmış bu böyük insan xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürərək müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımızı bir çox bəlalardan xilas etdi. 90-cı illərin əvvəllərində ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev ölkədə vətəndaş müharibəsinin qarşısını aldı, ayrı-ayrı siyasi qüvvələri və şəxslərə tabe olan silahlı birləşmələri ləğv etdi. Vahid komandanlığa tabe olan ordu yaratdı. Ulu Öndər tərəfindən görülən böyük işlərin, həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təyin etmək üçün bütün təminatlara, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur. Onun rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü islahatlar aparılmışdır. Ulu Öndərin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması, söz və mətbuat azadlığı, siyası partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün Qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formalaşması ilə nəticələnmişdir.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev respublikamızda quruculuq tədbirlərinə neft strategiyasının yaradılması və həyata keçirilməsi ilə başladı. Ulu Öndər tərəfindən dəqiqliklə həyata keçirilən neft strategiyası bu gün ölkəmizin iqtisadi yüksəlişində mühüm rol oynayır. Dünyada analoqu olmayan “Əsrin müqaviləsi” fəaliyyətə başladığı andan respublikamızın iqtisadi-sosial və siyası sabitliyi xarici ölkələrin Azərbaycana olan maraqlarını artırmış, nəticədə xarici valyutaların axınına şərait yaranmışdır.

Ümummilli Lider ölkəmizdə qeyri-neft sektorunun inkişafını da ön plana çəkmiş, bu sahədə uğurlu yüksəlişə nail olmuşdur. Həyata keçirilən aqrar islahatlar və bu islahatların uğurlu nəticələri xalqın güzəranını xeyli yüksəltmişdir. Əmək qabiliyyətli əhalinin üçdə birini özündə birləşdirən aqrar sahədə islahatların mühüm əhəmiyyəti olduğunu yetərincə qiymətləndirən dahi şəxsiyyət bu sahə ilə bağlı zəruri addımlar atmışdır.

Ümumiyyətlə Heydər Əliyev Azərbaycanın adını bir dövlət kimi dünya tarixinə böyük hərflərlə və əbədi olaraq yazdı. Onun qeyri-adi istedadı, dərin zəkası, fenomenal qabiliyyəti, dövlətçilik məharəti dünya nəhəngləri arasında onun yerini müəyyənləşdirdi. O, zamanla ayaqlaşan, bəzən onu qabaqlayan siyasətçilərdən idi. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır.

Görkəmli dövlət xadimi Heydər Əliyev fəaliyyəti dövründə bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülüb. O, dörd dəfə Lenin Ordeni, Qırmızı Ulduz Ordeni və çoxlu medallarla təltif edilib. İki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb. Bir çox xarici dövlətlərin orden və medalları ilə təltif edilib.

Azərbaycanın son 30 ildən artıq bir dövrü- xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində qazanılan uğurlar məhz onun adı ilə bağlıdır. Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu olan Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Məhz bunun nəticəsidir ki, o, sağlığında canlı əfsanəyə çevrilib. Buna görə Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib. Onun heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə daxilində, istərsə də xaricdə yüksək dəyərləndirilib.

Heydər Əliyev deyəndə son illər Azərbaycan təhsilində qazanılan uğurlar da göz önündə canlanır. Görkəmli dövlət xadimi Heydər Əliyev təhsilə həmişə prioritet sahə kimi baxırdı. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib. Bu illərdə Azərbaycan təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Xeyli sayda məktəb binaları tikilərək istifadəyə verilib, yeni dərsliklər hazırlanıb, şagirdlərə pulsuz verilib. Təhsil üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib. 2005-ci ildə Azərbaycan dünya təhsil məkanına-Boloniya prosesinə qoşulub.  

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxr hissi ilə qeyd olunaraq, əziz xatirəsi böyük məhəbbətlə, ehtiramla yad edilir.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ