Cempionlarla görüş keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının təşəbbüsü və təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında keçirilən futzal üzrə respublika çempionatında  Gəncə Dövlət Universitetini uğurla təmsil edən və respublika çempionu olan komanda üzvləri ilə görüş keçirilib.

Rektorun müşaviri Asif Cavadov çıxış edərək futzalçıların bu uğurunu respublikamızın Qərb regionunun, xüsusən də Gəncə Dövlət Universitetinin idman həyatında ən böyük hadisələrdən biri kimi dəyərləndirib.

Bildirilib ki, son illərdə universitet öz fəaliyyətinin bütün sahələrində olduğu kimi idman sahəsində də ən yüksək inkişaf dövrünü yaşayır.

Vurğulanıb ki, bu qələbə universitet rəhbərliyinin idmançı tələbələrə, onların müəllimlərinə qayğısı, məşqçilərin idman ustalığı, idmançıların fiziki hazırlığı və komandanın öz doğma universitetinə olan məhəbbəti sayəsində qazanılıb.

Gələcək illərdə də öz uğurlu nəticələri ilə müxtəlif yarışlarda universitetin adını yüksəldəcəklərinə əminliklərini ifadə edən İdman Klubunun rəhbəri Xaqani Umudov, baş məşqçi Tural Əliyev və komanda üzvləri onların inkişafına göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.