20 Yanvar faciəsi milli istiqlal tariximizin qəhrəmanlıq səhifəsidir

Gəncə Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə 20 Yanvar şəhidlərinin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla, dərin ehtiramla yad edilib.

Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, universitetin rektoru, professor Yusif Yusibov tədbirdə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycan xalqına dəhşətli faciə yaşatdığını diqqətə çatdırıb.

O, bu hadisənin Azərbaycan tarixinin qanlı, eyni zamanda, ən şanlı səhifələrindən biri olduğunu bildirib. Qeyd edib ki, 20 Yanvar faciəsində qətlə yetirilənlərin arasında digər xalqların nümayəndələri də olub. Bu isə bir daha sübut edir ki, Vətənin suverenliyi və bölünməzliyi uğrunda Azərbaycan xalqı həmişə həmrəy olub, birlik nümayiş etdirib. 20 Yanvar Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.

Azərbaycan xalqının ən çətin günlərində xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xarici jurnalistlər qarşısında imperiyanın və Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa edib. Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra bu hadisələrə tam siyasi-hüquqi qiymət verilib.

Rektor faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, 20 Yanvar şəhidlərinə xüsusi diqqət və qayğı göstərilməsində Prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib.

Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı qanlı gecənin dəhşətlərindən danışaraq bildirib ki, bu hadisə xalqımızın gözünü qorxutmadı, əksinə, sovet imperiyasına qarşı nifrəti daha da artırdı. Həmin hadisələr Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədilə gerçəkləşdirilmişdi. O dəhşətli gecədə həlak olan Vətən oğulları tariximizə parlaq səhifə yazaraq xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Azərbayvcan tarixi kafedrasının baş müəllimi Elminaz Namazova bildirib ki, Qanlı Yanvar hadisələri Azərbaycan xalqının azadlıq istəyini əlindən ala bilmədi. 20 Yanvarın Azərbaycan xalqının qəhrəmanlıq tarixi olduğunu deyən baş müəllim bu cür hadisələrdən ibrət götürərək müstəqilliyimizi qorumağın bizim üçün müqəddəs məqsəd olduğunu qeyd edib.

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Qivami Qazıyev vurğulayıb ki, həmin gecə Azərbaycan xalqı sovet ordusunun qarşısında əliyalın qəhrəmanlıq göstərdi. Buna görə biz böyük qürur hissi keçiririk. O, Şəhidlər xiyabanında təkcə müsəlmanların yox, eyni zamanda, xristian, yəhudi dinlərinin nümayəndələrinin də uyuduğunu qeyd edərək bu yerin bütün Azərbaycan üçün müqəddəs olduğunu bildirib.

Sonda çıxış edənlər bir daha şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildiriblər. Qeyd ediblər  ki, Azərbaycan xalqına qarşı həyata keçirilmiş qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.