31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR

30 mart 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin əsas tədris  binasının akt zalında Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş “31 Mart-Azərbaycanlıların soyqırımı günüdür” adlı konfrans keçirilmişdir.

Konfransı  giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva  açandan sonra soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edildi. Bundan sonra prorektor erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı haqqında konfrans iştirakçılarına  geniş məlumat verərək bildirmişdir ki, Mart soyqırımı və ya Mart hadisələri-1918-ci ilin 30 mart və 3 aprel tarixi arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif  bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmiş və nəhayət, 1998-ci il martın 26-da Prezident Heydər Əliyevin  “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı fərmana əsasən, 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Konfransda  Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva “Zəngəzur…Tarixdə görünməyən soyqırım” , GDU-nun YAP-ın sədri,  Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Mart soyqırımından 99 il keçir” ,  Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov “Heç vaxt unudulmayacaq faciəvi tarix” , Ümumi tarix kafedrasının baş müəllimi Yəhya Süleymanov  “Dünyada ermənilər qədər məkrli ikinci qüvvə yoxdur” , Filologiya fakültəsinin II kurs tələbəsi  Şəhla Qəribova  “31 Mart-Tarixi taleyimizin kədər səhifəsidir” adlı məruzələrlə çıxış etmişlər. Universitetin professor, müəllim heyəti tarixi faktlara əsaslanaraq qeyd etdilər ki, bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Sonda bütün Azərbaycan gənclərinə qan yaddaşımızı unutmamağa və tariximizi gələcək nəsillərə çatdırmaq tövsiyə olundu.