9 MAY QƏLƏBƏ GÜNÜ MÜNASİBƏTİLƏ ELMİ KONFRANS

08 may 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin əsas binasının akt zalında  faşizm üzərində 9 may Qələbə günü münasibəti ilə konfrans keçirildi. Tədbiri giriş sözü ilə Universitetin rektoru professor Yusif Yusibov açaraq qeyd etdi ki, XX əsrdə bəşəriyyət iki dünya müharibəsi ilə üzləşdi. İkinci Dünya müharibəsi əhatə dairəsinə, iştirakçı dövlətlərin sayına və müharibənin aparılması metodlarına və vasitələrinə görə birincidən qat-qat dəhşətli idi. İtaliyada faşist və Almaniyada nasist diktaturaları nəinki bu ölkələrin özlərini, habelə bütün bəşəriyyəti təhlükə altına qoymuşdu. Qərb demokratiyasının, faşizmin və kommunizmin toqquşmasının labüd nəticəsi olaraq bu müharibəyə o vaxt SSRİ-nin tərkibində olan Azərbaycan SSR də qoşulmalı olmuşdu. İkinci Dünya müharibəsinin tarix ədəbiyyatında çox vaxt “Vətən müharibəsi” adlanan 1941-1945-ci illər dövründə Azərbaycan xalqı istər cəbhədə, istərsə də arxada misilsiz döyüş və əmək rəşadətləri göstərmişdi. Bu bayramı təntənə ilə qeyd etmək bizim xalqımızın da haqqıdır. Əslində bayram günü öz xalqımızın qəhrəmanlıq keçmişini yad edirik, igid oğlanlarımızın rəşadətini bir tarix kimi nəsildən-nəsilə ötürürük. Bu da yeni nəsillər üçün Vətən, xalq sevgisi haqqında olduqca dəyərli nümunə və örnəkdir.
Professor Yusif Yusibov alqışlar altında arxa cəbhənin iştirakçısı kimi Universitetin professoru Abbas Səmədova fəxri fərman və pul mükafatı təqdim etdi.
Ümumi tarix kafedrasının dosenti Rəşid Məhərrəmovun “Alman faşizmi üzərində qələbənin mənbələri”, dosent Hüseyn Bəxtiyarovun “Azərbaycan döyüşçüləri müqavimət və partizan hərəkatında”, tarix elmləri üzrə fəlsəfə doktoru Xatirə İlyasovanın “İkinci Dünya müharibəsində siyasi mühacirlər” adlı elmı məruzələrində müharibənin bəşəriyyət üçün faciə olduğundan, Azərbaycan xalqının misilsiz rəşatədindən, çətinliklərindən, qəhrəmanlığından bəhs etdilər.