TƏLƏBƏLƏRİMİZ BEYNƏLXALQ KONFRANSDA

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Slavyan Universitetinin Tərcümə fakütəsi 26 dekabr 2014-cü ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda XIII Beynəlxalq tələbə elmi-praktik konfransını təşkil etmişdir. Konfransa Azərbaycan dilinin tədrisi kafedrasının müəllimi Qəmbərova Sevincin elmi rəhbərliyi ilə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə II kurs tələbələri aşağıdakı mövzularda tezislər təqdim etmişlər:

1. İsrafilova Vəfa Vüqar qızı “Azərbaycan dilinin Göygöl şivəsi”;

2.  Camalova Şəlalə Ədalət qızı “Azərbaycan dilinin Kəlbəcər şivəsinin leksikası”;

3. Əmiraslanova Günel Xaləddin qızı “KİV-də ədəbi dil normalarının pozulması halları”;

4. Ələsgərova Elnarə İsbi qızı “Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi”pyesində tarixizmlər” .

Tezislərin hər biri elmi heyət tərəfindən qəbul edilərək konfransın proqramına salınmışdır. Respublikanın 11, xarici ölkələrin 8 tanınmış universitetlərindən tələbə və magistrantların qatıldığı konfransda tələbələrimiz uğurla məruzə edərək Gəncə Dövlət Universitetini layiqincə təmsil etmişlər.

Qeyd edək ki, konfransın açılış mərasimində BSU-nun tələbəsi Yusifova Səmar, Latviya Universitetindən Eltermane Linda, Polşanın Yaqellon Universitetinin tələbəsi Mateuş Talayçik, Qazaxıstan Beynəlxalq münasibətlər və Dünya dilləri Universitetinin magistrantı Tukumbaeva Altın ilə yanaşı Gəncə Dövlət Universitetinin tələbəsi İsrafilova Vəfa da çıxış edərək öz növbəsində konfrans təşkilatçılarına minnətdarlığını bildirmiş, tədbir iştirakçılarına uğurlar arzulamışdır.

Konfransın gedişində bölmələr üzrə məruzələr dinlənilmiş, müxtəlif universitetlərin tələbə və magistrantlarının iştirakı ilə elmi diskussiyalar, seminarlar, çıxış etdikləri aktual mövzular ətrafında fikir mübadiləsi və müzakirələr aparılmışdır. Konfrans günü plenar iclasda iştirak edən tələbə və magistrantlar BSU ilə yaxından tanış olmuşlar.

Konfransın sonunda BSU-nun rektoru, professor Asif Hacıyev tərəfindən bölmə iclaslarında məruzə etmiş 300-ə qədər tələbə içərisindən məruzələri ilə xüsusən fərqlənən 20 nəfər tələbəyə diplomlar təqdim edilmişdir. Çox sevindirici haldır ki, həmin diplomlardan ikisi Gəncə Dövlət Universitetinin payına düşərək İsrafilova Vəfa və Ələsgərova Elnarəyə nəsib olmuşdur.

Beynəlxalq konfransda universitetimizi layiqincə təmsil edən tələbələrimizlə fəxr edirik, onlara uğurlar arzulayırıq!