Fransa nümayəndə heyəti Gəncə Dövlət Universitetində


12 fevral 2015-ci il tarixdə Fransanın Miluz şəhərinin meri Jan Rotner və turizm ofisinin prezidenti Jan Piyer Valter Gəncəyə səfər edib. Qonaqlar Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşdə  iki ölkə arasında iqtisadi əməkdaşlıq, regionlararası  əlaqə və turizm sahəsində əməkdaşlıq istiqamətlərində müzakirələr aparılıb.
Fransa nümayəndə heyətinin Gəncə Dövlət Universitetinin müəllim və tələbələri ilə görüşləri olduqca maraqlı keçib. Universitetin rektoru professor Yusif Yusibov qonaqları salamlayaraq rəhbərlik etdiyi təhsil ocağı haqqında məlumat verdi. Əlavə qeyd etdi ki, Gəncə Dövlət Universitetinin Fransa Universitetləri ilə əməkdaşlığı genişlənməkdədir.Yuxarı Elzas Universiteti ilə memorandum imzalanmışdır. Fransa-Azərbaycan İnstitutunun xətti ilə Lüis Vitkova fransız dili kafedrasında stajçı müəllim işləyib. Fəaliyyətini yenə də davam etdirəcəkdir.Hal-hazırda 105 nəfər tələbə fransız dilini və ədəbiyyatını öyrənməklə məşğuldur.
Əsasən fransız dili müəllimliyi ixtisasının tələbələrinin iştirak etdiyi bu görüşdə qonaqlar belə bir ixtisasın olduğundan məmnun qaldıqlarını bildirdilər. Jan Rotner meri olduğu Miluz şəhərinin inkişafından, gözəlliklərindən danışmaqla dahi Nizami yurduna heyran qaldığını bildirdi. Onu da qeyd etdi ki, mənim də şəhərimin sizinki kimi Avropanın Gənclər paytaxtı olmasını arzulayıram.
Qonaqlar Fransız dili ixtisasının II kurs tələbələrindən Jalə Qurbanovanın,Nəzrin Məmmədovanın, Raul Sadıqovun verdikləri sualları böyük həvəslə cavablandırdılar. Kafedranın müəllimi Aygün Əliyevanın bu ixtisasın yaranması tarixi haqqında verdiyi məlumat da qonaqlar üçün daha maraqlı oldu. Onlar tələbələrin və Aygün Əliyevanın fransız dilində aydın, anlaşıqlı danışdıqlarından zövq aldıqlarını xüsusilə vurğuladılar.
Görüşün sonunda rektor hər iki qonağa Universitet adında hədiyyə təqdim etdi.