PROFESSORUN AÇIQ DƏRSİ KEÇİRİLDİ


Gəncə Dövlət Universitetində qəbul edilmiş layihəyə əsasən açıq dərslərin geniş dinləyicilərin iştirakı ilə keçirilməsi artıq bir ənənəyə çevrilmişdir.  06 aprel 2015-ci il tarixdə Filologiya fakültəsinin dekanı, Azərbaycan dili kafedrasının professoru, filologiya elmləri doktoru Mübariz Yusifovun  Gəncə şəhər ictimayyəti üçün açıq dərsi keçirildi. Respublika ali məktəbləri çərçivəsində yenilik olan  açıq dərsdə Universitetin elm və innovasiyalar üzrə prorektory Pərvin Kərimzadə, Gəncə şəhər ali və orta məktəblərin nümayəndələri, kütləvi informasiya vasitələrini təmsil edən şəxslər, Gəncə ziyalıları və yazarları, fakültə kafedralarının əməkdaşları və tələbələr iştirak edirdilər.
“Rəmzlərin ifadə vasitələri” mövzusuna həsr edilmiş açıq dərs öz orijunallığı ilə seçildi. Klassik poeziyaya müraciət edən professor konkret nümunələrə əsaslanaraq rəmzlərin mahiyyətinə, məna çalarlarına, istifadə məqsədinə  toxunmaqla yanaşı bu məsələ ilə bağlı tədqiqatçıların fikirlərinə xüsusi diqqət ayırdı. Hər bir məqamla bağlı professorun özünəməxsus mülahizələri, məsələlərə yanaşma tərzi dinləyicilərdə ciddi maraq yaratdı.
Həqiqətən nümunəvi dərsə çevrilən açıq dərs dəvət olunan insanlarda da xoş təəssürat  yaratdı və universitetin təhsilimizlə bağlı uğurları haqqında səmimi etiraflarını bildirdilər.