Beynəlxalq sərgidə GDU-nun nailiyyəti

Oktyabrın 10-12-də dünyanın 20 ölkəsindən 122 iştirakçının qatıldığı VIII Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisində Gəncə Dövlət Universiteti də fəal iştirak etmişdir.
Universitetimizin sərgisi rektor, professor  Yusif Yusibovun dəstəyi, universitetin elm və texnika üzrə prorektoru, dosent  Pərvin Kərimzadənin, informatika kafedrasının müəllimi Vasif  Həsənovun, universitet Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz  Adıgözəlovun təşkilatçılığı ilə təşkil olunmuşdur. Sərgidə Gəncə Dövlət Universitetində təhsil üçün yaradılan şəraiti;  tələbələrin təhsildə, tələbə elmi-tədqiqat işlərində iştirakını, asudə vaxtının təşkilini özündə əks etdirən müxtəlif materiallar, GDU-nun nəşr etdirdiyi kitablar, bukletlər, elmi jurnallar sərgilənmiş, kollektivin beynəlxalq və respublika idman yarışlarında, “Nə?  Harada?  Necə?  “intellektual regional yarışında əldə etdiyi kuboklar və s. öz əksini tapmışdır. Universitetin  professoru, əməkdar rəssam Şaiq Məmmədovun əl işlərindən ibarət sərgi də  GDU-nun sərgilədiyi materiallar arasında yer almışdır.

GDU-nun sərgisində nümayiş etdirilən videoslaydlar univesitetin zəngin həyatı; beynəlxalq əlaqələri, “Erasmus Mundus”, “Tempus”  layihələrində fəal iştirakı, tələbələrin təhsilinin, mütaliəsinin, asudə vaxtının  yüksək səviyyədə təşkili haqqında geniş təsəvvür yaratmışdır.


Gəncə Dövlət Universitetini layiqincə təmsil edən sərgi  təşkilatçıları 8-ci Azərbaycan  Beynəlxalq Təhsil sərgisindən “The Best University presentation (Universitetlərarası ən yaxşı təqdimata görə”) sertifikatı ilə geri dönmüşlər.Bu yüksək mükafat GDU-nun son illərdəki inkişafının göstəricisi kimi diqqətəlayiqdir.

Müəllif: Firəngiz  İdrisqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × five =