TƏLƏBƏLƏRİN ORTA MƏKTƏB ŞAGİRDLƏRİ İLƏ BİRGƏ TƏDBİRİ

Gəncə Dövlət Universiteti şəhər ictimaiyyəti, ayrı-ayrı kollektivlərlə, təhsil müəssisələri ilə sıx əlaqələr yaradıb əməkdaşlıq edir. Orta məktəblərlə bu əməkdaşlıq daha geniş şəkildədir. Pedaqoji təcrübədə olan tələbələr isə bu sahədə fəallıq göstərir, orta məktəblə Universitetin əməkdaşlığına öz bəhrəli töhfələrini verirlər.
Bu günlərdə Əhməd Cavad adına 2 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan tələbələrin   təşkil etdikləri tədbir diqqəti cəlb etdi. Riyaziyyat-informatika fakültəsinin tərbiyə işləri üzrə müavini Aynur Qasımovanın rəhbərliyi və ssenarisi əsasında  riyaziyyat müəllimliyi ixtisasının III kurs tələbələri  6-cı və 9-cu sinif şagirdləri ilə birlikdə “Riyaziyyat gecəsi” keçirdilər. Azərbaycan Dövlət himnihnən sonra gecəni giriş sözü ilə açan məktəbin direktoru Sahibə Abdullayeva məktəbin Universitetlə əlaqəsindən, bu əlaqələrin genişlənməsindən və şagirdlərin təhsilinə müsbət təsirindən söhbət açıb, gecəni təşkil edənlərə, gələn qonaqlara öz təşəkkürünü bildirdi.
Gecə III kurs tələbələrindən  Şəfiqə Alıyevanın və Rəfiqə  Hacızadənin məharətli və qabiliyyətli aparıcılığı ilə davam etdi. Tələbə və şagirdlərin qarşılıqlı iştirakı ilə hazırlanmış bir-birindən məzmunlu, fərqli, riyaziyyat elminə həsr edilmiş səhnələr ilk andan tamaşaçıları özünə cəlb etdi və onlarda ciddi maraq oyatdı. Müsbət haldır ki, qədim zamanlardan üzü bəri inkişaf etmiş riyaziyyat elminə, onun tarixinə, mahiyyətinə və əhməiyyətinə həsr edilmiş səhnələr bədii söz sənəti ilə bəzədilmişdir. Bu da gecənin daha maraqlı olmasına əsas verirdi.
7-ci sinif şagirdi Aysun Bayramova və 9-cu sinif şagirdi Aytən Allahverdiyevanın ifa etdikləri  və alqışlarla qarşılanan “Azərbaycan” mahnısı gecəni  bir qədər də canlandırdı.
Gecənin sonunda gələn qonaqlar və məktəbin müəllimləri  öz ürək sözlərini bildirərək, belə tədbirlərin hər iki müəssisə üçün daha faydalı olduğunu vurğuladılar.