TÜRK QARDAŞLARLA GÖRÜŞ

   


05 aprel 2016-cı il tarixdə II tədris korpusunun iclas zalında Türkiyə Cumhuriyyəti Başnazirliyində Xaricdə yaşayan Türklər və Qohum Topluluqlar Nazirliyi tərəfindən “Mövlana Mədəni Müdaxilə” proqramı çərçivəsində maliyyələşdirilən Afyonkarahisar İcra Hakimiyyəti tərəfindən koordinasiya edilən, Azərbaycan Respublikası Gəncə Dövlət Universiteti, Afyonkarahisar Bələdiyyəsi, Ərazi Milli Təhsil Müdirliyi və “Anadolu Mədəniyyət, Təhsil və Araşdırma Dərnəyi”nin layihə ortaqlığı ilə “Mövlanadan Barış və Sevgi Damlaları” adlı layihə əsasında Gəncə Dövlət Universitetinə gəlmiş qonaqlarla Universitetin professor-müəllim və tələbə heyətinin görüşü olmuşdur.

Görüşdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Fəxrəddin Məmmədov hörmətli qonaqları salamlayaraq bu görüşün hər iki qardaş xalq üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Qeyd etdi ki, əslində bu görüş geniş mənada iki xalqın qardaşlığının daha da möhkəmlənməsi deməkdir.

Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Orxan Işıq bildirdi ki, Ulu Öndər Heydər Əliyev demişkən Türkiyə-Azərbaycan bir millət iki dövlətdir. Biz daim sevincli günlərimizdə də, dar günlərimizdə də bir-birimizin yanında olub öz dəstəyimizi əsirgəmirik. Bizim hər sahədə günü-gündən əlaqələrimiz durmadan genişlənir və möhkəmlənir. Hal-hazırda Azərbaycan ordusunun mənfur erməni faşizmi üzərində qazandığı parlaq qələbə eyni ilə türk xalqının qələbəsidir. İki qardaş xalq olaraq çiyin-çiyinə daha uğurlu qələbələrə doğru addımlayırıq.

Afyonkarahisar şəhərinin İcra Başçısının müavini Ahmet Ali Barış, Bələdiyyə başçısı Burhanettin Çoban öz çıxışlarında “Mövlana Mədəni Müdaxilə” proqramından, “Mövlanadan Barış və Sevgi Damlaları” adlı layihədən bəhs etdilər. Xüsusilə vurğuladılar ki, biz bu layihə ilə dünyaya barış mesajı göndərmişik. Bütün xalqların əmin-amanlığını, xalqlar arasında daim barış olmasını, hər sahədə əlaqələrin möhkəmlənməsini istəyirik. Əlbəttə kim barış istəmirsə, torpaqlarımıza göz tikirsə, layiqli cavablarını alacaqlar.

Görüş olduqca maraqlı keçməklə bütün dinləyicilərin hədsiz rəğbətinə səbəb oldu.