ÜMUMMİLLİ LİDERƏ HƏSR OLUNMUŞ TƏDBİR

20 aprel 2016-cı il tarixdə Pedaqoji fakültə universitetin II tədris binasının iclas zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Vətəni sevməyən insan olmaz“ mövzusunda tədbir keçirilmişdir.

Tədbiri  universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Asif Cavadov açaraq qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin vətəninə, xalqına tükənməz sevgisi hər kəsə daim örnək olmuş və olacaqdır. Bu gün böyük fəxr və qətiyyətlə qeyd edirik ki, müstəqil, qüdrətli, müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir: Sovetlər birliyi dövründə ölkəmizi qabaqcıl respublikalar sırasına çıxaran dahi rəhbər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını oldu. Müstəqilliyimizin ilk illərində xaos, anarxiya, özbaşınalıq o illərin xarakterik cəhətləridir. Xalq sabaha ümidini itirmişdi. Daim dövləti, xalqı üçün yaşayan, bütün ömrünü vətəninin, xalqının, ölkəsinin gələcəyinə həsr edən Ulu Öndər ölkənin, xalqın bu ağır durumuna biganə qalmadı, xalqın səsinə səs verdi, hakimiyyətə qayıdışı ilə sabaha ümid yaratdı.

Pedaqoji fakültənin dekanı dosent Bayram Apoyev “Vətəni qorumaq hamının mənəvi borcudur “ mövzusunda çıxış edərək  bildirdi ki, xalqımız tarix boyu Vətəninin mənfəətini öz mənfəətindən, Vətəninin gələcəyini öz gələcəyindən üstün tutan bir anlayışa, dərin bir Vətən sevgisinə sahib olmuş xalq kimi tanınmışdır. Məhz bu xalqın xələfləri kimi bu adı qorumaq sələflərimizin əmanətinə sahiblik borcu olmalıdır. Nəhayət, Vətən hər bir kəsin sevgilisi, məhbubu olmalıdır. Ondan üstün məhəbbət yaşaya bilməz. Görkəmli ədib Abbas Səhhət demişkən:

Könlümün sevgili məhbubu mənim
Vətənimdir, vətənimdir, vətənim…

Pedaqoji fakültə tələbələrin  vətəndaş, vətənpərvərlik hisslərinə sahib bir şəxs kimi yetişməsində həmişə avanqard olmuşdur. Cəmiyyətdə belə insanların çoxluq təşkil etməsi isə vətəndaş cəmiyyəti, vətəndaş mühitinin yaranması deməkdir. Fakültənin hər bur tələbəsi Ulu Öndərin Vətən sevgisi ilə böyümüş və bu gün də belə bir örnəklə fəxr etməkdədir.

Çıxışının sonunda dosent Bayram Apoyev Ulu Öndərə həsr etdiyi şeirini tədbir iştirakçılarına çatdırdı.

Tədbirdə Ümummilli lider Heydər Əliyevə, Gəncəyə və Vətənə həsr olunmuş mahnılar səsləndirildi, video çarxlar izlənildi, tələbələr şair Bayram Apoyevin Vətən sevgisinə həsr olunmuş şeirlərini ifa etdilər.