ŞAGİRDLƏRLƏ GÖRÜŞ

Gəncə Dövlət Universitetində qəbul edilmiş layihəyə əsasən orta məktəblərlə əməkdaşlıq günü-gündən artmaqdadır. Müştərək tədbirlər keçirilir, olimpiadalar təşkil olunur. Kimya fənni üzrə keçirilmiş olimpiada, professor Mübariz Yusifovun, Əməkdar elm xadimi, professor Vaqif  Novruzovun şagirdlər qarşısında açıq dərsləri əlaqələrin möhkəmlənməsindən, şagirdlərin təhsilə, elmə maraqlarının artmasından xəbər verir.

08 iyun 2016-cı il tarixdə Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədovun, təcrübə rəhbəri dosent Cabbar  Qarayevin, Pedaqogika və təhsilin əsasları kafedrasının müdiri dosent Allahverdi Quliyevin  birgə fəaliyyəti ilə  M.M.Mehdizadə adına 4 saylı tam orta məktəbin müəllimləri və  9, 10, 11-ci sinif şagirdlərindən bir qrupu Universitetin Əsas binasında olmuşlar. Biologiya-kimya fakültəsinin dekanı dosent İsfəndiyar Alverdiyev şagirdlərə auiditoriyaları, laboratoriyaları göstərmiş, onların texniki cəhətdən, müasir tələblər səviyyəsində tədris vasitələri ilə təchizatı haqqında məlumatlar vermişdir.

Bina ilə ümumi tanışlıqdan sonra akt zalında prorektorların, dekanların iştirakı ilə rektor professor Yusif Yusibovla görüş keçirilmişdir. Rektor şagirdləri salamlayaraq, orta məktəblə hər sahədə aparılan əməkdaşlıqdan razı qaldığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq əslində şagirdlərin elmə, təhsilə maraqlarının artmasına, onların intellektual səiyyələrinin, dünyagörüşlərinin yüksəldilməsinə xidmət edir. Qərb zonasında xüsusilə seçilən, hər sahədə heç də Bakı ali təhsil ocaqlarından geri qalmayan Gəncə Dövlət Universiteti bu gün də öz tarixi ənənələrinə uğurla sadiq qalmaqdadır.

Elm və innovasiyalar üzrə prorektor, dosent Pərvin Kərimzadə Gəncə şəhərində 4 saylı tam orta məktəbin öz çəkisi olduğunu bildirdi. Özünün də həmin məktəbdə təhsil aldığından qürur duyduğunu nəzərə çatdırmaqla şagirdlərə həmin məktəbin şərəfini öz bilikləri, təhsilləri ilə qorumalarını tövsiyyə etdi. Bundan sonra Universitetin Beynəlxalq əlaqələrinin genişlənməsindən, tələbələrimizin xarici ali təhsil müəssisələrində təhsil almalarından, onların asudə vaxtlarını mənalı keçirmələri üçün müxtəlif tədbirlərin keçirilməsindən, rəhbərliyin isə göstərdiyi diqqət və qayğıdan bəhs etdi.

Məktəbin müəlliminin təklifi də diqqət mərkəzində dayandı. Həmin məktəbdə orta təhsil rusca aparılır. 2000-dən çox şagirddən yalnız 10 faizi Azərbaycan dilində təhsil alır. Təəssüf ki, Universitetdə rus dilində ixtisaslar olmadığından şagirdlər başqa ali məktəbləri seçməyə məcbur olurlar.

Rektor gələn tədris ilinin qəbul planında təklifin mütləq nəzərə alınacağını bildirdi.

Görüş olduqca mənalı keçdi və şagirdlərin hədsiz marağına səbəb oldu.