Konstitusiya gününə həsr olunmuş konfrans

Konstitusiya

Noyabrın 12-də Gəncə Dövlət Universitetində Konstitutsiya gününə həsr olunmuş konfrans keçirildi. Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransı giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq professor-müəllim, tələbə heyətini Konstitusiya günü münasibətilə təbrik etdi.
Qeyd olundu ki, XX yüzilliyin sonunda baş verən böyük tarixi hadisələr bir sıra başqa xalqlarda olduğu kimi, Azərbaycan xalqına da xoşbəxtlik gətirdi. Xalqımız müstəqil, suveren Azərbaycan dövlətini yaratmağa nail oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin ölkədə müstəqilliyin ilk illərindəki çətinlikləri aradan qaldırmaq üçün yeni Konstitusiyanın yaranmasını tarixi zərurət hesab etdiyini qeyd edən rektor dedi:
– Ümummilli lider Heydər Əliyev yeni, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasını hazırlamaq istiqamətində böyük əməli işlərlə fəaliyyətə başladı. Ulu öndər Konstitusiyanın son dərəcə mükəmməl bir sənət kimi hazırlanmalı olduğunu qeyd edərək deyirdi: «Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəflidir, həm də çox çətindir». Beləliklə, yaradılmış komissiya tərəfindən çox qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənilərək təhlil olundu, layihə hazırlandı və ictimai müzakirəyə təqdim olundu. Geniş ictimaiyyətin iştirakı ilə həyata keçirilən müzakirələrdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində – referendumda Azərbaycan Milli Konstitusiyası qəbul edildi. Konstitusiyanın qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm  məfkurəsinin qəti qələbəsi idi. 5 bölmədən, 12 fəsildən, 158 maddədən ibarət olan, demokratik dəyərlərə əsaslanan Konstitusiya, Respublikamızın gələcək inkişaf prioritetlərini dəqiq müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarır.
Rektor, professor Yusif Yusibov ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Milli Konstitusiyamızın ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, xalqımızın milli-mənəvi dəyərlərini ehtiva etdiyini də qeyd etdi.
Konfransda sosial fənlər kafedrasının baş müəllimi Qərənfil Ramazanova «Konstitusiyamız azadlığın, müstəqilliyin qarantıdır», həmin kafedranın müəllimi Yeganə Əhmədova «Heydər Əliyev Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının banisidir» mövzusunda məruzə etdilər. Məruzələr ətrafında Azərbaycan dili kafedrasının dosenti Aydın Nağdalıyev, Sosial fənlər kafedrasının müdiri, dosent Cavad Tağıyev, Universitet YAP təşkilatının sədri Cavid Bağırzadə çıxış edərək Konstitusiya layihəsinin müzakirələr zamanı elmi-praktik əsaslandırılmalardan sonra ulu öndər Heydər Əliyevin təklifi ilə Konstitusiyaya Azərbaycan dilinin, Azərbaycan Respublikasının dövlət dili olmasını təsbit edən 21-ci maddənin daxil edilməsindən və bu maddənin tarixi əhəmiyyətindən bəhs etdilər.
Sonda rektor Yusif Yusibov konfrans iştirakçılarını bir daha Konstitusiya günü münasibətilə təbrik etdi, hər yerdə hüquq və vəzifələrimizin rəmzi və təminatçısı olan yeni Konstitusiyadan irəli gələn vəzifələri ləyaqətlə yerinə yetirməyin hər bir vətəndaşın şərəfli borcu olmasını, xüsusilə tələbə gənclərə Konstitusiyanın qanunlarını mükəmməl öyrənmələrini tövsiyə edərək dövlətimiz və dövlətçiliyimizin rifahı naminə hamıya uğurlar arzuladı.