RİYAZİYYATÇILARIN YENİ İL HƏDİYYƏSİ

21 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin II tədris binasının iclas zalında Riyaziyyat-İnformatika fakültəsinin humanitar məsələlər üzrə dekan müavini,  Riyazi analiz kafedrsaının baş müəllimi Aynur Qasımovanın rəhbərliyi altında tələbələrin hazırladıqları  “Yeni il zarafatları” adlı geniş tədbir keçirilmişdir.

Tələbələrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra fakültənin dekanı dosent Oruc Hüseynov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını, fakültənin müəllim və texniki heyətini Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edib, onlara can sağlığı və elmi-pedaqoji işlərində uğurlar dilədi.

Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, Fəxri professor Əliqulu Quliyev çıxışlarında fakültədə aparılan uğurlu işlərdən, tədrisin keyfiyyətindən, eləcə də tələbələrin boş vaxtlarını səmərəli keçirmələri üçün yaradılan şəraitdən və onlara göstərilən qayğıdan bəhs edib, koillektivə daha böyük uğurlar arzuladılar.

Bədii hissədə Arifə Abbasovanın, Aysel Əmirovanın “Universitet”, Hekayət Əhmədzadənin, Aysel Əmirovanın, Günel Verdiyevanın birgə ifa etdikləri lirik mahnı, Hekayət Əhmədzadənin və  Aysel Əmirovanın meyxanası, Hekayət Əhmədzadənin söylədiyi şeir, “Satıcı və qadın”, “Falçı”, “Polis şöbəsi”, “Bankda oğurluq” səhnəcikləri, “İmtahan həyacanı”, “Parodiya” nömrələri alqışlarla qarşılanmışdır. Satirik səhnəciklərdə ictimai çatışmazlıqlar, qüsur və nöqsanlar tələbə dünyagörüşü ilə qiymətləndirilmiş və gülüş obyektinə çevrilmişdir. Bu səhnəciklərin hazırlanmasında Səadət İmamquliyeva, Amin Həsənli, Səmayə Fərmanlı, Emin Bayramov və  Günel Verdiyeva da öz qabiliyyətlərini nümayiş etdirmişlər.

Tədbir tələbələrin xor qrupunun “Torpağın səsi” ilə yekunlaşmışdır.