QANLI YANVAR

19 yanvar 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin II tədris binasının iclas zalında Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyevin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin anım gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə rektor professor Yusif Yusibov giriş sözü ilə çıxış edərək qeyd etmişdir ki, xalqımızın qan yaddaşına çevrilmiş 20 yanvar təkcə faciə deyil, həm də tariximizə əbədi həkk olunmuş qəhrəmanlıq salnaməsidir. Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Uzun illər sovet imperiyasının əsarətində yaşayan bir  xalqın haqq səsini ucaltdığı, müstəqillik,  suverenlik uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixi gündür.

1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və  azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

20 yanvarda keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdəndir. İmperiya 1956-cı ildə Çexoslovakiyaya, 1968-ci ildə Macarıstana və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Azərbaycan həmin dövrdə Ermənistanın təcavüzünə də məruz qalmışdı. Sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almış, əksinə Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, hətta erməni kursantlar da daxil edilmişdi. Nəticədə Bakıda və ətraf rayonlarda 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 4 nəfər isə itgin düşmüşdür.

Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov “20 yanvar-xalqın istiqlal yoludur” adlı məıruzəsində faktlara əsaslanaraq bu hadisənin səbəblərini dinləyicilərə çatdırmış və bildirmişdir ki, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun təcavüzü qanlı 20 yanvar faciəsinə gətirib çıxarmışdır.

Tədbirdə qanlı yanvar reallıqlarına həsr edilmiş video-çarx və tələbələrin hazılrladıqları ədəbi-bədii kompozisiya da nümayiş etdirilmişdir. Faciəni incəliyinə qədər təsvir edən poetik nümunələr, onların ustalıqla ifası dinləyicilərin qəlbini riqqətə gətirmiş, erməni faşizminə, rus ordusunun təcavüzünə nifrət hisslərini bir daha alovlandırmışdır.