39 saylı orta məktəbdə “Fizikanın müasir problemləri” mövzusunda Elmi-praktik konfrans

11 fevral 2017-ci il tarixdə Gəncə Dövlət Universiteti Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrası tərəfindən Gəncə şəhəri M.C.Paşayev adına 39 saylı orta məktəbdə “Fizikanın müasir problemləri” mövzusunda Elmi-praktik konfrans keçirilmişdir. Konfransda GDU ilə baza məktəbləri arasında əlaqə komissiyasının sədri dosent Allahverdi Quliyev, Fizika və texniki fənlər fakültəsinin dekanı professor  Muğan Quliyev, Fizika kafedrasının müdiri dossent Niyazi Quliyev , kafedranın 10 nəfər professor-müəllim heyəti üzvləri, M.C.Paşayev adına 39 saylı orta məktəbin fizika müəllimləri, 9-10-11 –ci sinif şagirdləri GDU-nun fizika müəllimliyi ixtisasının IV kurs tələbələri olmaqla  cəmi 45 nəfər iştirak etmişdir. Konfransı giriş sözü ilə dossent Allahverdi Quliyev açaraq GDU rektoru professor Yusif  Yusibov adından konfrans iştirakçılarını salamladı və bildirdi ki, konfransın keçirilməsində məqsəd GDU ilə baza məktəbi arasında əlaqəni möhkəmləndirməkdən ibarətdir. Daha sonra o konfrans iştirakçılarını konfransın gündəliyi ilə tanış etdi və sözü Fizika və texniki fənlər fakültəsinin dekanı professor Muğan Quliyevə verdi.

Professor Muğan Quliyev fakültənin tarixi, fəaliyyəti, ixtisaslar, elmi-pedaqoji potensialı, tələbə kontingenti barrədə geniş məlumat verərək konfransın işinə uğurlar arzuladı.

Konfransda GDU-nun fizika kafedrasının müdiri dossent Niyazi Quliyev “Xaos nəzəriyyəsi” , daha sonra kafedranın dosenti Rizvan İmanov “Qara dəlik”, dos. Yahya Namazov “İfratkeçiricilik” haqqında, baş müəllim  Sabir  Abdullayev “Böyük partlayış nəzəriyyəsi. Kainatın yaranması”, baş müəllim  Seyfəddin Musayev “Orta məktəb fizika kursunun tədrisində bölmələrarası genetik əlaqələrin yaradılması” mövzuları üzrə əyani vasitələrdən, dia filmlərdən istifadə etməklə çıxışlar etdilər. Fizikanın müasir problemlərinə həsr olunan çıxışlar konfrans iştirakçıları tərəfindən maraqla dinlənildi.

Konfransın  sonunda gələcəkdə də GDU ilə məktəblər arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyi qeyd edildi.