Gəncə Dövlət Universitetinin də tərəfdaş olduğu ESFIDIP Tempus layihəsinin yekun görüşü keçirilib


2017-ci il mayın 15-i və 16-da Xəzər Universitetində “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) Tempus layihəsinin son görüşü keçirilib. İki hissədən ibarət olan görüşün birinci hissəsində layihənin tərəfdaşları – Xəzər Universiteti, Lodz Universiteti, Makedoniya Universiteti, Qraz Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayit Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi və Əlil Təşkilatları İttifaqının nümayəndələri iştirak etdilər. Görüş zamanı tərəfdaş universitetlər layihə çərçivəsində gördükləri işlər və əldə olunan nəticələr haqqında hesabat veriblər. Gəncə Dövlət Universitetində yeni təhsis olunan İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov tədbirdə çıxış edərək bildirib ki, son illərdə əlilliyi olan şəxslərin cəmiyyətə və ali təhsilə inteqrasiyası istiqamətində, universitetdə bir çox layihələr həyata keçirilib. Belə ki, sağlamlıq imkanları məhdud olan tələbələr üçün ali təhsil ocağının 5-ci korpusunda onlar üçün yeni mərkəzin yaxın zamanlarda fəaliyyətə başlaması, (ESFIDIP) Tempus layihəsinə öz töhvəsini vermiş olacaqdır. Departmanet direktoru həmçinin Mərkəzdə brayl əlifbası ilə yazılan kitablar, dərsliklər, elektron vəsaitlər sağlamlıq imkanları məhdud olan tələblərə təklif olunacağını əlavə edib. Bundan başqa sağlamlıq imkanı məhdud olan şəxslərin Gəncə Dövlət Universitetinə sərbəst giriş və çıxışını təmin etmək üçün, korpuslarda pandusların quraşdırıldığı da layihə iştiakçılarının nəzərinə çatdırılıb. Daha sonra layihənin davamlılığı və gələcək əməkdaşlıq haqqında müzakirələr edilib. İkinci gün görüş Xəzər Univeristetinin “Mərmər” zalında həyata keçirilib. Görüş zamanı müxtəlif universitetlərin, orta məktəblərin, təşkilatların nümayəndələri və tələbələr iştirak etdilər. Görüşü Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, gələn qonaqları salamladı və layihənin önəmi haqqında nitq söylədi. Daha sonra Yunanıstanın Azərbaycandakı səfiri cənab Dimotrios Tsoungasa söz verildi. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi Anar Xələfov əlilliyi olan insanların təhsil almaları üçün Təhsil Nazirliyinin gördüyü işlərdən danışdı. Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin nümayəndəsi Hüseyn Hümbətov və Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli də təşkilatlarının mövzu ətrafında gördüyü işlərdən danışdılar. “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) Tempus layihəsinin layihə rəhbəri Rima Məmmədova iştirakçılara layihə haqqında geniş məlumat verdi və layihənin həyata keçirildiyi müddət ərzində qarşılaşdıqları çətinliklər və əldə etdikləri uğurlar haqqında danışdı. Lodz Universitetinin və Qraz Universitetinin nümayəndələri iştirakçılara öz universitetlərinin təcrübələri və ölkələrində bu sahədə aparılan işlər haqqında geniş məlumat verdilər. Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamentinin əməkdaşı Razim Əliyev də görüşdə çıxış edərək “Əlilliyi olan şəxslərin Azərbaycanın Ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” layihəsinə dəstək olduqalrını və bu layihə üçün universitetdə lazım olan bütün şəraitin yaradılacağına toxunub. Həmçinin, Naxçıvan Dövlət Universitetinin nümayəndələri regionda və universitetlərində bu sahədə görülən işlərdən söz açıblar. Tədbirin sonunda Xəzər Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin əlilliyi olan tələbələri Nurlanə Cəfərova və Orxan Adıgözəl qarşılaşdıqları çətinliklərə baxmayaraq, əldə etdikləri uğurlar haqqında nitq söylədilər. Qeyd etmək istərdik ki, “Əlilliyi olan şəxslərin Azərbaycanın Ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) Tempus layihəsi 2013-cü ilin dekabrında başlamış və 31 may 2017-ci ildə sona çatacaqdır. Layihə Avropa Komissiyasının Tempus proqramı çərçivəsində maliyələşdirilir və Xəzər Universiteti tərəfindən idarə olunur.