“Beynəlxalq davamlı turizm ili” maarifləndirici tədbir

BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili dünyada “Beynəlxalq davamlı turizm ili” elan edib. Bu barədə Gəncə Dövlət Universitetində keçirilən maarifləndirici tədbirdə məlumat verilib.

Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirib ki, “Beynəlxalq davamlı turizm ili”nin rəsmi açılışı yanvarın 18-də İspaniyanın Madrid şəhərində olub. Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının ötən il Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən 104-cü sessiyasında qəbul olunan qərara əsasən Azərbaycan “Beynəlxalq davamlı turizm ili”ndə şuraya sədrlik edəcək.

Şurada beş mühüm sahədə, hərtərəfli və dayanıqlı iqtisadi inkişaf, sosial cəlbedicilik, məşğulluq və yoxsulluğun azaldılması, təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi, mədəni dəyərlər, müxtəliflik və irs, qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolunun əhəmiyyətindən bəhs ediləcək.

Qeyd edilib ki, son illər respublikamızda turizm sahəsində dövlət siyasətini həyata keçirən aidiyyatı qurumlar tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülüb.

Azərbaycanda turizminin kişafı üçün Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” çərçivəsində çoxsaylı layihələr həyata keçirilib. “Azərbaycan 2020: gələcəyə baxış” adlı inkişaf konsepsiyasında isə ölkədə turizmin inkişafı üzrə müvafiq hədəf və məqsədlər əks olunub.

Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədilə 2006-cı ildə ölkədə Turizm İnstitutu yaradılıb, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət  göstərən kurslar açılıb. 2002-ci ildən başlayaraq Bakıda hər il Beynəlxalq Turizm və “Ümumrespublika Daxili Turizm Sərgiləri”-nin keçirilməsi, həmçinin xaricdə təşkil olunan beynəlxalq turizm sərgilərində ölkəmizin təmsil olunması da turizmin inkişafına təkan verib. Prezident İlham Əliyevin 2011-ci ili Azərbaycanda “Turizm ili” elan etməsi ilə həm Bakıda, həm də bölgələrdə yeni müasir otellər istismara verilib.

Vurğulanıb ki, “İnkişaf naminə beynəlxalq davamlı turizm ili” çərçivəsində Azərbaycanın Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilməsi Prezident İlham Əliyevin təşəbbüsü ilə turizm sahəsində həyata keçirilən islahatların və bu şuraya üzv olan dövlətlərin ölkəmizə olan etibarıdır.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 14 =