Təhsil naziri İƏT-in Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib

İyulun 26-da Türkiyə Respublikasında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təhsil İnstitutunun Himayəçilər Şurasının ikinci iclası keçirilib.
İstanbul şəhərində keçirilmiş iclasda Türkiyənin Milli Təhsil naziri İsmət Yılmaz, İƏT-in Baş katibi Xəlil İbrahim Akça, həmçinin Azərbaycan, Pakistan, Əfqanıstan və İranın Təhsil Nazirliklərinin yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
İclasda Təhsil İnstitutunun fəaliyyətinin gücləndirilməsi, 2017-2019-cu illər üçün İş planı müzakirə edilib. Tədbirdə nümayəndə heyətlərinin rəhbərləri həm də öz ölkələri üçün təhsil sahəsindəki prioritetlər barədə məlumat veriblər.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarov və Türkiyənin Milli Təhsil naziri İsmət Yılmaz ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.