Yeni tədris korpusunda kompleks yenidənqurma işləri yekunlaşıb

Son 3 ildə inkişafı həm də infrastrukturun və maddi-texniki bazanın yenilənməsi ilə şərtlənən Gəncə Dövlət Universitetinin 5-ci tədris korpusunda kompleks təmir – tikinti və yenidənqurma işləri yekunlaşıb.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, yeni tədris ilindən etibarən universitetin Filologiya və Xarici-dillər fakültəsində təhsil alan 1200 nəfərə yaxın tələbəsi dərslərini  5-ci tədris korpusunda davam etdirəcəklər.

Həmçinin Xarici dillər fakültəsinin  Qrammatika və ingilis dilinin tədrisi, Praktik xarici dillər, Leksika və ölkəşünaslıq, Alman dili, Fransız dili, Rus dili kafedraları, Filologiya fakültəsinin isə Azərbaycan dili, Azərbaycan dilinin tədrisi, Azərbaycan və dünya ədəbiyyatı kafedraları  yeni tədris korpusunda fəaliyyət göstərəcəklər.

Qeyd edilib ki, 4 mərtəbəli tədris korpusunda kompleks yenidənqurma zamanı tələbələrin istər təhsil prosesində müasir biliklərə yiyələnməsi, istərsə də dərsdənkənar asudə vaxtlarının səmərəli təşkili üçün zəruri amillər nəzərə alınıb. Universitetin əsas binasından 5 saylı tədris binasına optik kabel çəkilib. Binadakı bütün otaqlar sürətli internetlə təmin edilib. Binanı fasiləsiz elektriklə təmin etmək üçün həyətdə yarımstansiya qurulub, 0,4 kilovotluq yeraltı elektrik xətti çəkilib. Yeraltı su hovuzu tikilərək su nasosları quraşdırılıb.

Tədris korpusunun birinci mərtəbəsində hər iki fakültədə oxuyan tələbələr üçün kitabxana və oxu zalı fəaliyyət göstərəcək. Müasir kitablarla və dərs vəsaitləri ilə təmin olunacaq kitabxanada tələbələr həm də elektron kitabxananın xidmətlərindən istifadə edə biləcəklər. Müxtəlif elmi-mədəni kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan geniş zal da tədris korpusunun birinci mərtəbəsində yerləşir. Tədris korpusunun digər mərətəbələrində isə  müvafiq kafedralar, auditoriya və fənn kabinetləri fəaliyyət göstərəcək. Həmin fənn kabinetləri tələbələrin praktik dil bacarıqlarının yüksəldilməsi üçün zəruri avadanlıqlarla təchiz ediləcək.

Tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün yeni tədris korpusunda hər bir şəraiti olan müasir idman zalı yaradılıb. Binanın həyətində isə müxtəlif idman yarışlarının təşkili üçün voleybol, basketbol və mini futbol meydançası quraşdırılıb. Tədris binasının həyətində geniş yaşıllıq zonası və istirahət guşələri yaradılıb, buradakı “Ana dili” abidəsinin ətrafında abadlıq işləri görülüb.

Qeyd edək ki, hazırda avadanlıqların quraşdırıldığı tədris korpusunun yeni tədris ilindən universitetin professor-müəllim və tələbə heyətinin istifadəsinə verilməsi planlaşdırılıb.