Gənclərə multikultural dəyərlər aşılanıb

Gəncədə Bilik Fondunun təşəbbüsü ilə Heydər Əliyev və Azərbaycanda İslam Həmrəyliyi mövzusunda tədbir keçirilib. Tələbələrə Ümummilli Liderin ölkədə dini tolerantlığın qorunub saxlanılması, multikultural dəyərlərin və islam ölkələri arasında sıx əlaqələrin formalaşmasında göstərdiyi xitmətlərdən geniş bəhs edilib.

Tədbirdə çıxış edən Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə Azərbaycanın bütün dünyada dini tolerantlıq və multikultural dəyərlərin ən yüksək səviyyədə qorunduğu ölkə kimi tanındığını qeyd edib. Bildirib ki, Azərbaycan əsrlərlə fərqli dildə danışan, müxtəlif dinlərə etiqad edən, ayrı-ayrı konfessiyaların təmsilçisi olan insanların mehriban şəraitdə yaşadığı ölkədir.

Tolerantlığın ölkəmizdə yaşayan millətlər üçün həyat tərzi olduğunu qeyd edən Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə deyib ki, Azərbaycanda əsası ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət və din münasibətləri, eləcə də digər dinlərdən olan insanların mənəvi dəyərlərinə və inanclarına hörmət bu gün də qorunub saxlanır.

Tədbirdə ölkəmizin İslam Əməkdaşlıq Təşkilatındakı səmərəli fəaliyyətindən və bu ölkələrlə sıx əlaqələrin qurulduğundan da danışılıb. Tələbələrə Bilik Fondu tərəfindən İslam Həmrəyliyi ilində görülən tədbirlər barədə məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.