Müəllim yeganə şəxsiyyətdir ki, …

Gəncə Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü münasibəti ilə  həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin şərəfinə bayram tədbiri keçirilib.

Tədbiri açan universitetin rektoru, professor Yusif Yusibov 5 Oktyabr – Ümumdünya Müəllimlər Günü münasibətilə universitetin pedaqoji heyətini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Yusif  Yusibov qeyd edib ki, Müəllimlər Günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi qeyd olunur. Məhz həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. Ölkəmizdə isə Müəllimlər Günü 1993-cü ildən qeyd edilməyə başlanıb.

Rektor Yusif Yusibov vurğulayıb ki, “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalıb.

Bu gün isə elm və təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edən Prezident İlham Əliyev yeni və müasir tələblərə cavab verən məktəblərin tikintisinə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir texnoloji avadanlıqlarla təmin ediməsinə xüsusi diqqət göstərir.

Qeyd olunub ki, Ölkə Başçısının təhsil sahəsində tapşırıq və sərəncamları Gəncə Dövlət Universitetinin inkişafına da öz töhfəsini verib. Universitetin tədris korpuslarında təmir-tikinti işləri aparılıb, 5-ci tədris korpusu isə tamamilə yenidən qurulub. Həmçinin universitetin maddi texniki bazası zənginləşdirilib, bir sıra fənn kabinetləri və laboratoriyalar yaradılıb. Tələbələrin sağlamlılığının qorunması və asudə vaxtlarının səmərəli keçməsi üçün idman zalları və meydançalar qurulub.

Sonra rəhbərliyin əmrinə əsasən universitetin bir qrup professor-müəllim, inzibati, tədris-köməkçi, təchizat-təsərrüfat  işçilərinə mükafatlar təqdim olunub. Gənc kadrların hazırlanmasında uzun müddətli qüsursuz və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 13 nəfər müəllim “Fəxri fərman”la təltif olunub.

Universitet AHİK-in sədri Afaq Qasımova çıxış edərək universitet kollektivini Ümumdünya Müəllimlər Günü münasibətilə təbrik edərək, 20 nəfər qabaqcıl müəllimin universitetin AHİK tərəfindən mükafata layiq görüldüyünü deyib.

Həyatının 60 ilini Gəncə Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətə həsr edən qocaman pedaqoqlar Xəlil İsmayılov və Nurə Rəfibəyli göstərilən diqqət və qayğıya görə universitetin rektoru, professor Yusif Yusibova minnətdarlıqlarını ifadə ediblər.

Sonda Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva müqəddəs peşənin daşıyıcıları, ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi olan bütün müəllimləri Ümumdünya Müəllimlər Günü münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıb.