Küçə uşaqları kimlərdir və onların küçə həyatına məruz qalmasının səbəbi nədir?

Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə “Küçə həyatına məruz qalmış uşaqlarla sosial işin təşkili” mövzusunda keçirilən açıq dərsdə bu və digər suallara cavab axtarılıb.

Tədbirdə Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələr, uşaq bağçaları və məktəblərin direktorları, eləcə də uşaqlarla iş aparan QHT-lərin nümayəndələri iştirak ediblər.

Seminarda çıxış edən Gəncə Dövlət Universitetinin prorektoru, dosent Gülsüm Fətəliyeva bildirib ki, hər bir cəmiyyəti narahat edən küçə uşaqları problemi, onların bu həyata məruz qalmasının səbəbi və həmin uşaqlarla sosial işin təşkili ölkəmiz üçün də aktual məsələlərdəndir.

Ona görə də universitetin Sosial fənlər kafedrasının müəllimləri və alimləri tərəfindən aparılan sosial araşdırmalar və onların nəticələrinin ictimaiyyətə açıqlanması üçün maarifləndirmə istiqamətində açıq dərslərin keçirilməsinə başlanılıb.

Sonra Sosial fənlər kafedrasının müdiri, dosent Asim Məmmədov “Küçə həyatına məruz qalmış uşaqlarla sosial işin təşkili” mövzusunda ətraflı çıxış edib.

Bildirilib ki, sosial – iqtisadi amillərdən olan yoxsulluq və işsizlik, valideynlərin xəstə və iş qabiliyyətində olmaması, küçə həyatının cazibəli görünməsi, əyalətlərdən böyük şəhərlərə miqrasiya, urbanizasiya, fövqəladə hadisələr, ailədaxili problemlər, qeyri-rəsmi nigahlar, ailədəki ağır iş tələblərindən qurtulmaq cəhdi, valideynlərin alkoqol və narkotika aludəçisi olması, uşaq mərkəzlərində yaşayan uşaqların müəssisədən qaçmaq istəyi və digər faktorlar uşaqların küçə həyatına məruz qalmasının əsas səbəbləridir.

Qeyd edilib ki, mənfur qonşumuz Ermənistanın ölkəmizə təcavüzü nəticəsində yüzlərlə azərbaycanlı övladı valideyn himayəsindən məhrum olub, internatlarda məskunlaşıb, küçələrə düşüb. Uşaqların valideynlərini itirməsi, qaçqın və məcburi köçkün ailələrinin sosial vəziyyəti küçə həyatına məruz qalmış uşaqların sayının artmasına təsir göstərib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə Bakı şəhərində 208 baxımsız küçə uşağı müəyyən edilib. Sorğuya əsasən onlardan 94 nəfərinin ailəsi olub. Bununla yanaşı 61 faizinin hər iki valideyni, təxminən, üçdə birinin natamam ailəsi, yəni təkcə anası və ya atası, digərlərinin isə yalnız yaxın qohumları olub. Küçə uşaqlarının ailələrinin 90 faizində özləri də daxil olmaqla, orta hesabla 18 yaşına çatmayan 2 uşaq olub. Keçirilən sorğu nəticələrinə görə küçə uşaqlarının 80 faizinin ailəsi ölkənin regionlarında yaşayanlardır.

Sosialoji tədqiqatların nəticələri haqqında məlumat verən Asim Məmmədov qeyd edib ki, uşaqların küçə həyatı yaşamasının əsas səbəblərinın 52 faizi valideynlərlə pis münasibət, 17 faizi maddi çətinliklər, 14 faizi isə valideynlərin vəfatıdır. Uşaqların xoşbəxt böyüməsi üçün ailələrin möhkəm olmasının vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, küçə həyatına məruz qalmış uşaqlarının daha çoxu uğursuz ailələrdən olanlardır. Aparılmış tədqiqatlar da göstərib ki, küçədə yaşayan uşaqlar problemi hər şeydən əvvəl ailədaxili pis münasibətlərin nəticəsidir. Daha sonra isə ailənin mövcud olmamasıdır. Küçə uşaqlarnın mənsub olduğu ailələri fərqlədirən cəhətlərdən biri də onların 62 faizinin kənd mühitinə aid olması və tez-tez yaşayış yerlərini dəyişərək şəhərə köçmələridir.

Məhz bu cür uşaqlar daha çox sosial, fiziki və psixoloji problemlərlə qarşılaşırlar.

Sonda alimlər tərəfindən aparılan sosial araşdırmaların nəticələri ictimaiyyətin diqqətinə çatdırılıb və suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 10 =