Gəncə Dövlət Universitetinin Təcrübə və karyera mərkəzi istifadəyə verilib

Gəncə Dövlət Universitetinin tədris baza müəssisəsi olan Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə Təcrübə və karyera mərkəzi istifadəyə verilib.

`Açılış mərasimində universitetin professor-müəllim heyəti və məktəbin kollektivi iştirak edib.

Tədbiri açan Milli Məclisin deputatı, universitetin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə bildirib ki, yeni yaradılan Təcrübə və karyera mərkəzi universitet-məktəb münasibətlərinin daha da inkişafına xidmət edəcək. Həmçinin yeni mərkəz 39 nömrəli orta mətəbin yuxarı sinif şagirdlərinin ixtisas seçiminə və onların Gəncə Dövlət universiteti haqqında ətraflı məlumat almasına şərait yaradacaq. Son illərdə GDU-nun dünyanın nüfuzlu universitetləri ilə qurduğu səmərəli əməkdaşlığın nəticələrindən danışan Pərvin Kərimzadə deyib ki, indi universitetin tələbəsi olan hər bir gənc müxtəlif beynəlxalq tədris proqramları vasitəsilə həm də Fransa, Finlandiya, Avstriya və Polşada təhsilini davam etdirmək imkanı qazanır.

Gəncə Dövlət Universitetinin Təcrübə və karyera şöbəsinin müdiri Mahir Məmmədov məlumat verib ki, yeni mərkəz universitet tərəfindən zəruri avadanlıq və inventarlarla təmin edilib. Mərkəzə sürətli internet xətti çəkilib, komputerlər quraşdırılıb. Təcrübə və karyera mərkəzində Gəncə Dövlət Universitetinin keçdiyi inkişaf yolu, beynəlxalq və ictimai əlaqələri, fakültələri, eləcə də tanınmış məzunları haqqında məlumatları əks etdirən guşələr yaradılıb.

Mahir Məmmədov qeyd edib ki, Təcrübə və karyera mərkəzi həm məktəbdə pedaqoji təcrübə keçən tələbələr üçün, həm də işaxtaran universitet məzunları üçün koordinasiya mərkəzi olacaq. Mərkəzdə hər il əmək yarmarkaları və müxtəlif təlimlər təşkil ediləcək. Həmçinin universitetin alim və müəllimlərinin şagirdlər qarşısında açıq dərsləri keçiriləcək.

Məktəbin direktoru Nizami Rzayev çıxışında deyib ki, şərəfli tarixi və zəngin tədris ənənələri ilə respublikanın qərb regionunun ən böyük ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universiteti arasında əlaqələrin qurulması bu vaxta qədər böyük inkişaf yolu keçmiş və respublikanın orta məktəbləri içərisində böyük nüfuza malik Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbin daha böyük nailiyyətlər qazanmasına şərait yaradacaq.

Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Şahin Xurşudov qeyd edib ki, bu il DİM-in keçirdiyi qəbul imtahanların nəticələrinə görə məktəbin 500-dən yüksək bal toplayan çoxlu sayda məzunu GDU-nun müvafiq ixtisaslarına qəbul olub. Yüksək bal toplayan məzunlardan 8 nəfəri isə universitetin İqtisadiyyat və idarəetmə fakültəsini seçib.