Tələbələr dahi şair Nizami Gəncəvinin türbə kompleksi və ev muzeyi ilə tanış olublar

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı universitetin Filologiya fakültəsinin tələbələrinin Nizami Gəncəvi Muzeyinə və məqbərəsinə ekskursiyasını təşkil edib.

Ekskursiya iştirakçılarının üz tutduqları ilk məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub. Əvvəlcə, tələbələr Nizaminin və şairin valideynlərinin qəbrini ziyarət ediblər. Məlumat verilib ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə 14-cü əsrdə tikilib. Bu vaxta qədər şairin məzarı üzərində müxtəlif əsrlərdə 4 dəfə türbə inşa olunsa da, onların heç biri bu qədər möhtəşəm və əzəmətli olmayıb. Ümumi hündürlüyü 24 metr olan hazırkı türbənin inşasında qırmızı qranitdən istifadə edilib.

Komplekslə tanışlığı davam etdirən tələbələr türbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıb, şəkillər çəkdiriblər.

Daha sonra ekskursiya iştirakçıları Nizami Gəncəvi Muzeyinə gəliblər. Bildirilib ki, muzeyin binasının təməli 2013-cü ildə qoyulub, bir il sonra isə Prezident İlham Əliyevin Gəncəyə növbəti səfəri zamanı istifadəyə verilib.

Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Nizami Gəncəvinin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpa edilməsi, əsərlərinin tərcümə və tədqiq olunması ilə bağlı fərman və sərəncamları sərgilənir. Muzeydə dahi şairin 800 və 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar da nümayiş etdirilir.

Burada tələbələr vaxtilə dahi şairin əsərlərinə həsr olunan və hazırda dünyanın Metropoliten, Viktoria Albert, Drezden, Vatikan kimi muzeylərinin ən qiymətli eksponatları sırasında yer alan, “Xəmsə” motivləri əsasında işlənən miniatürlərin surətləri ilə tanış olublar.