Gəncə Dövlət Universitetində Nuru Paşa adına kitabxana yaradılıb

Gəncə Dövlət Universitetində (GDU) TİKA-nın maliyyə dəstəyi ilə Qafqaz İslam Ordusunun komandanı, 1918-ci ildə Bakı şəhərinin bolşevik-daşnak işğalından azad olunmasında böyük xidmətlər göstərmiş türk ordusunun general-leytenantı Nuru Paşa adına müasir kitabxana yaradılıb.

Bu barədə layihənin rəhbəri, universitetin innovasiyalar departamentinin müdiri Vasif Həsənov məlumat verib.

Vasif Həsənov deyib ki, “Universitet üçün kitabxana” layihəsi ötən il TİKA-ya təqdim edilib. Layihə TİKA-tərəfindən bir neçə mərhələdə baxıldıqdan sonra qəbul olunub və GDU-da müasir kitabxananın qurulmasına başlanılıb. Kitabxana üçün universitetin kompleks təmir-tikinti və yenidənqurma işləri yekunlaşmış 5-ci tədris korpusu seçilib.

Bütün zəruri inventar və avadanlıqlarla təmin olunan kitabxanada Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını əks etdirən guşələr yaradılıb. Burada kompüterlər qurulub, əraziyə sürətli, genişzolaqlı internet xətti çəkilib. Oxu zalından və ayrı-ayrı şöbələrdən ibarət kitabxana universitetin 5-ci tədris korpusunda yerləşən filologiya və xarici dillər fakültələrinin tələbələrinə xidmət göstərəcək.

Geniş sahəyə malik kitabxananın 40 minlik kitab fondu olacaq. Hər iki fakültənin tələbələri üçün zəruri olan 20 min kitab universitetin əsas kitabxanasından seçilərək yeni kitabxanaya köçürüləcək. Daha 5 min kitab TİKA tərəfindən universitetə hədiyyə ediləcək. Yeni kitabxananın fondunu tamamlayacaq digər 15 min kitab isə universitetin daxili imkanları hesabına alınacaq. Müasir kitablar və dərs vəsaitləri ilə təmin olunan kitabxanada tələbələr həm də elektron kitabxana xidmətlərindən istifadə edə biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − one =