Təhsilin modern inkişafı real nəticələr verir

Gəncə Dövlət Universiteti bu inkişafa nail olan ali təhsil müəssisələrindəndir

 

Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsil alanın qazandığı bilik və bacarıqlarının iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, etik-əxlaqi norma və dəyərlər hər bir vətəndaşın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır. Onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək Azərbaycan vətəndaşına çevirir.
Bu baxımdan son illər ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmış, onun normativ hüquqi bazası təkmilləşdirilmiş, maddı-texniki təminatı daha da gücləndirilmişdir. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 illik hakimiyyəti dövründə imzaladığı sərəncamlar əsasında sürətlə modernləşən Azərbaycan təhsil sisteminin formalaşması istiqamətində yeni addımlar atılmış və innovativ təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində xeyli iş görülmüşdür.
Azərbaycan müstəqillik qazandıqdan sonra digər sahələr kimi təhsil sistemində də aparılan köklü islahatlar nəticəsində müvafiq qanunlara uyğun olaraq çoxlu sayda ali təhsil müəssisələri yaranmışdır. Lakin bu ali təhsil müəssisələri içərisində şərəfli tarixi yol keçmiş onlarca təhsil ocağı vardır ki, bu gün də onlar kadr hazırlığında öndə gedirlər. Belə ali təhsil ocaqlarından biri də Gəncə Dövlət Universitetidir ki, gələn il onun fəaliyyətə başlamasının 80 ili tamam olacaq. Respublikamızda sayılıb-seçilən, xüsusi yeri və çəkisi olan elm, təhsil ocaqlarından biri olan bu universitet fəaliyyət göstərdiyi müddət ərzində ölkəmizə on minlərlə ixtisaslı müəllim kadrları vermişdir. Respublikanın qərb regionunda ən nüfuzlu ali təhsil ocağı olan Gəncə Dövlət Universiteti gündən-günə yeniləşən Azərbaycan təhsilinə bu gün də dəyərli töhfələr verməkdə davam edir. Hazırda universitetdə dərslər Azərbaycan dili ilə yanaşı, bir neçə dildə -rus, ingilis, alman və fransız dillərində tədris olunur.
1938-1943-cü illərdə iki illik Müəllimlər İnstitutu, 1943-2000-ci illərdə Gəncə Dövlət Pedaqoji İnstitutu, 2000-ci ildən isə Gəncə Dövlət Universiteti kimi fəaliyyət göstərən bu ali təhsil ocağı yarandığı gündən indiyədək özünün yüksək ixtisaslı pedaqoji kadr potensialı ilə seçilir. Universitetin onlarca pedaqoqu orden və medallara, eləcə də müxtəlif dövlət təltiflərinə layiq görülmüşdür. Hazırda universitetdə 8 fakültə , bir əlavə təhsil fakültəsi, 13 şöbə fəaliyyət göstərir.
Bakalavriat səviyyəsində əyani şöbədə 5081, qiyabi şöbədə 443, magistratura səviyyəsində (əyani) 311 nəfər olmaqla, ümumilikdə 5867 tələbə təhsil alır. Univetsitet yüksək keyfiyyətli maddi-texniki bazaya malikdir və onun 5 tədris binası və tələbə yataqxanası var. Bütün tədris binaları əsaslı şəkildə təmir olunmuşdur. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün burada 32 laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 10 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur.
2017/2018-ci tədris ilində universitetə tələbə qəbulunda uğurlu nəticələr əldə edilmişdir. Belə ki, tələbə qəbulu üzrə qəbul planı 92 faiz yerinə yetirilmiş, 11 nəfər 600-dən yuxarı,72 nəfər isə 500-dən yuxarı bal toplamışdır.
Turizm və hotelçilik, ibtidai sinif müəllimliyi ixtisaslarında plan yerləri tam dolmuş və qəbul olmuş tələbələrin hamısı dövlət sifarişi əsasında təhsil alacaqlar.
Turizm və hotelçilik ixtisasında keçid balı 150 olduğu halda, tələbələri tərəfindən ən aşağı 334, ən yüksək 518 bal, ibtidai sinif müəllimliyi ixtisasında isə müvafiq olaraq 434 və 512 bal toplanmışdır. Bunlar respublika üzrə ən yaxşı göstəricidir (adı çəkilən ixtisaslarda) və universitet üçün son 10 ilin ən yüksək nəticəsidir. Bütün bunlar universitetdə yaradılmış işçi qrup tərəfindən Gəncə şəhəri və ətraf rayonların məktəblərində məqsədyönlü şəkildə aparılan təbliğat işlərinin, tədris üçün yaradılan şəraitin və maddi-texniki bazanın yaxşılaşdırılmasının nəticəsidir.
Universitetdə təhsil alan aztəminatlı və şəhid ailələrinin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı yaralanaraq əlil olan şəxslərin, eləcə də məcburi köçkün ailələrinin övladlarına böyük diqqət və qayğı ilə yanaşılır. Hazırda bu ali məktəbdə 65 nəfər valideyn himayəsindən məhrum olan, 84 nəfər şəhid ailəsinin və Qarabağ müharibəsi əlillərinin, eləcə də 829 nəfər məcburi köçkün ailəsinin övladları təhsil alır.
Universitetin daxili imkanları hesabına ən müasir standartlar səviyyəsində əsaslı təmir olunmuş 5 saylı tədris binasında qərb bölgəsində ilk dəfə olaraq fiziki cəhətdən qüsurlu olan tələbələr üçün “İnklüziv təhsil mərkəzi”nin yaradılmasına başlanılmışdır. Bunun üçün ayrılmış xüsusi otaqlarda standartlara uyğun təmir işləri aparılmışdır. Hazırda burada layihəyə uyğun olaraq lazımi texnikanın alınaraq quraşdırılmasına başlanılmışdır.
Universitetdə təhsilin səviyyəsinə təsir edən ən mühüm amillərdən biri də həm müəllimlərin, həm tələbə və magistrantların elmi-tədqiqat işlərində fəal iştirakıdır. Təkcə 2016-2017-ci tədris ilində universitet əməkdaşlarının respublikamızın nüfuzlu elmi nəşrlərində 850-yə yaxın xarici ölkələrin elmi nəşrlərində 590-dək elmi məqaləsi dərc edilmişdir. Onlarla dərs vəsaiti, metodiki vəsait və monoqrafiyalar çap olunmuşdur. Universitetdə beynəlxalq elmi konfransların və simpoziumların keçirilməsi də ənənə halını alıb.

Universitet beynəlxalq layihələrdə uğurla iştirak edir

 

Azərbaycan ali təhsilində öz nüfuzlu mövqeyini qoruyan Gəncə Dövlət Universiteti dövlətin təhsil siyasətinə arxalanaraq müəyyənləşdirdiyi islahatlar planı, təhsil alana təhsilin keyfiyyətinin yüksəldilməsi, milli təhsil sisteminin inkişafına dəstək, dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq standartlara cavab verən təhsil şəraitini yaratmaqla tələbələri müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət kimi yetişdirmək, eləcə də vətənpərvərlik və azərbaycançılıq ideyalarını aşılamaq üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirir. Bu tədbirlər arasında prioritet kimi universitetin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq, beynəlxalq təhsil proqramlarında iştirak, əcnəbi tələbələrin cəlb olunmasına dəstək, yeni mərkəzlərin açılması, müvafiq beynəlxalq təşkilatlarla iş birliyi və sair məsələlər öz əksini tapmışdır. Universitetin Avropa İttifaqının təklif etdiyi “Erasmus+” və “Horizon-2020” proqramlarına fəal şəkildə qoşulmaqla, tələbə və müəllimlərin hər iki proqramın təklif etdiyi imkanlardan maksimum faydalanması üçün müvafiq tədbirlər həyata keçirilir.
Hazırda Gəncə Dövlət Universitetinin gənclərdən ibarət komandası Avropa Komissiyasının “Erasmus+” proqramına əsasən yeni iki layihədə fəaliyyətini davam etdirir. Gürcüstanın Akaki Tsereteli Dövlət Universitetinin koordonatorluğunu etdiyi AESOP “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” layihəsində əməkdaşlığa əsasən, tələbələrin hüquqlarının qorunması üzrə ombudsman mərkəzi açılması və bu mərkəzə universitet üzrə ombudsman təyin olunması gözlənilir. Tələbələr bu mərkəz vasitəsi ilə təhsil aldıqları müddətdə həm hüquqi, həm də akademik məsləhətlər ala, təhsillərini daha rahat formada davam etdirə biləcəklər. İkinci layihə İspaniyanın Valensiya Politexnik Universitetinin rəhbərliyi ilə PETRA – “Azərbaycan universitetlərində tədris və təlimdə aliliyin təbliğ olunması” layihəsi innovasiyaların doktorantura sahəsinə tətbiq olunmasına yönəlmişdir. 2017-ci ilin sentyabr ayında başlanması gözlənilən layihə 2 il davam edəcəkdir. Adı gedən layihələrdə Azərbaycan Respublikası Təhsil Nazirliyi də idarəedici təşkilat kimi iştirak edir.
Azərbaycan ali məktəblərinin Avropa İttifaqı qrant layihələrində iştirakı ildən-ilə artmaqda davam edir. Gəncə Dövlət Universiteti 2014-cü ildə tərəfdaş qismində bu layihələrdən ikisində iştirak edərək böyük uğur qazanmışdır.

 

Yerli və xarici əlaqələr genişlənir

Beynəlxalq əlaqələrini gündən-günə genişləndirən Gəncə Dövlət Universiteti 40-dək xarici ölkə universitetləri ilə əməkdaşlıq edir. Son üç ildə universitet müxtəlif yerli və xarici təşkilatlarla əməkdaşlıq müqaviləsi imzalamışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi Kimya və Aşqarlar Kimyası İnstitutları, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi kimi nüfuzlu təhsil müəssisələri ilə müqavilələri mövcuddur. Yerli müqavilələrlə yanaşı, xarici əlaqələr də genişlənmişdir. Belə ki, qısa vaxt ərzində Fransanın Yuxarı Elzas, Şampan-Arden universitetləri, Polşanın Varşava Universiteti, Litvanın Tətbiqi Elmlər üzrə Kauno Kolegiya Universiteti, Macarıstanın Dunaujvaros Universiteti, Ukraynanın Poltava Dövlət Ticarət və İqtisadiyyat Universiteti, Gürcüstanın Tbilisi Dövlət Universiteti, eləcə də Türkiyənin onlarca nüfuzlu universiteti ilə əlaqələr qurulmuşdur.
Fransa ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin geniş vüsət aldığı bir dövrdə Gəncə Dövlət Universiteti bu ölkənin ali təhsil müəssisələri ilə əlaqələri xeyli genişləndirmişdir. Belə ki, Fransanın Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden universitetləri ilə qurulan əməkdaşlıq əlaqələri hər iki ölkənin ali təhsil müəssisələrinə böyük səmərə verir. Artıq 15 ildir ki, Gəncə Dövlət Universiteti Strasburq Universiteti ilə sıx əməkdaşlıq edir. Hazırda Gəncə Dövlət Universitetinin 11 tələbəsi bu universitetdə magistratura səviyyəsini uğurla başa vuraraq müxtəlif sahələrdə çalışır.
Son illər Gəncə Dövlət Universiteti ilə Bakıda fəaliyyət göstərən Fransa-Azərbaycan İnstitutu arasındakı geniş əlaqələr əsasında bu təhsil ocağına tez-tez Fransadan gənc pedaqoqlar dəvət edilir. Bu baxımdan fransalı müəllimlər Jirar Ksavye, Lüset Türkyılmaz, Jan-Mişel Frus, Gülem Lüsye, Lusil Riqnaunun müqavilə əsasında keçdiyi dərslər yaddaqalan olmuş, tələbələr üçün unudulmaz anlar yaşatmışdır.
Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın Muluz şəhərində yerləşən Ot-Alzas Universitetində Məhsəti Gəncəvi Mərkəzi və Nizami Gəncəvi adına “Azərbaycan dili” kafedrası açılmışdır. Fransanın Azərbaycanın milli-mənəvi dəyərlərinə olan yüksək münasibətinin qarşılığında isə Fransanın Azərbaycandakı səfirliyinin və Ot-Alzas Universitetinin birgə təşəbbüsü ilə Gəncə Dövlət Univrsitetinin 5 saylı tədris binasında Fransa xalqının böyük oğlu Aleksandr Düma adına Mədəniyyət Mərkəzi yaradılmışdır.
Hazırda universitetdə 41 nəfər müxtəlif ölkə vətəndaşı təhsil alır. Onlardan 12 nəfəri keçən il qəbul olunmuşdur. Bu tələbələr əsasən Türkiyə, Pakistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiya vətəndaşlarıdır. Onlar bakalavriat təhsil səviyyəsində iqtisadiyyat, ibtidai sinif və xarici dil müəllimliyi ixtisaslarına yiyələnirlər.
Təhsil sisteminin Bolonya proqramı üzrə qurulması universitetin Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirmiş, tədrisin müasir tələblər səviyyəsində qurulmasına imkan yaratmış, müəllim, tələbə və magistrant kontingentinin beynəlxalq əlaqələrdə daha fəal və intensiv iştirakına gətirib çıxarmışdır. Nəticədə, universitetin onlarla tələbə, magistr və gənc müəllimi öz təhsilini xarici ölkə universitetlərində təkmilləşdirmişdir. Artıq bir neçə ildir ki, Gəncə Dövlət Universiteti Türkiyənin “Mövlana” mübadilə proqramına qoşulmuşdur. Bu proqram çərçivəsində 20 ali təhsil müəssisəsi ilə, o cümlədən Kastamonu, Giresun, Firat, Ərzurum, Teknik, Çankaya, Ərzincan, Nevşəhir Hacı Bekdaş, Vəli, Bitlis Eren, Aksaray, Uşak, Bozok, Cümhuriyyət, Hacettepe, Ərdahan və digər universitetlərlə əməkdaşlıq müqavilələri imzalamışdır.

 

İnnovativ texnologiyaya üstünlük verilir

 

Universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə innovativ texnologiyalara üstünlük verilir. Bu məqsədlə dövlət başçısının 2013-cü ildə imzaladığı “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası haqqında” sərəncamına uyğun olaraq universitetdə innovasiyalar departamenti yaradılmışdır. Artıq bu departament elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və sair strateji hədəflərə nail olmaq üçün öz töhfələrini verməkdədir. İqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədilə departamentin nəzdində xarici və daxili infrastrukturun yaradılması və sahibkarlq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsi də təmin edilmişdir. Gələcəkdə innovativ layihələrin icrası, sınaq ekspertiza və prototiplərin hazırlanması, həmçinin elmin kommersiyalaşdırılması fəaliyyətlərinin beynəlxalq əməkdaşlıq və qrant proqramları ilə əlaqələndirilməsi, o cümlədən, potensial donorların cəlb edilməsi də nəzərdə tutulmuşdur.
İnnovasiya departamenti çox mühüm tapşırıqların icra olunması və elm-istehsalat-dövlət zəncirinin tam formalaşması üçün geniş imkanlar açmışdır. Sərəncamda nəzərdə tutulduğu kimi, innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması funksiyalarını həyata keçirəcəkdir.
İnnovasiyalar departamentinin milli iqtisadiyyatda rolu günün tələblərinə cavab verdiyindən burada sahibkarların təklifləri əsasında elmi-tədqiqat, təcrübə-konstruktor və tədqiqat-inkişaf layihələri həm icra edilə bilər, həm də ideya müəlliflərinin öz təklifləri əsasında innovasiyayönümlü layihələr hazırlanaraq istehsalata transfer oluna bilər. Gəncə Dövlət Universitetində fəaliyyət göstərən innovasiyalar departamentinin gördüyü işləri nəzərdən keçirdikdə əminliklə demək olar ki, bu departament yaxın zamanlarda Azərbaycan elminin innovativ yüksək texnologiya məhsullarının hazırlanmasına əlverişli mühit formalaşdıracaqdır.
Son illər universitetdə laboratoriyaların zənginləşdirilməsində, yenidən qurulmasında və müasir tələblərə cavab verəcək yeni laboratoriyaların yaradılmasında əsaslı işlər görülmüşdür. Bu məqsədlə əsas tədris binasında 2 kimya, 2 botanika, 1 zoologiya laboratoriyası yaradılmış, ən müasir avadanlıqlarla təchiz edilmişdir. Bundan başqa, ilk dəfə olaraq bu yaxınlarda qeyri-üzvi sistemlərin fiziki-kimyəvi tədqiqi ilə bağlı “Kimyəvi materialşünaslıq” elmi-tədqiqat laboratoriyasının açılışı olmuşdur.
Hazırda Nəqliyyat, İnformasiya və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə universitetin bütün tədris binalarında 24 liflik fiberoptik kabel çəkilmiş və universitetin struktur bölmələrinin hamısı yüksək sürətli internetlə təmin olunmuşdur.

 

Semestr imtahanlarında şəffaflıq təmin edilir

 

Universitetdə tədris prosesində tələbələrin fəallığını artıran yeni forma və metodlardan səmərəli istifadə edilir. Bunun üçün təlim prosesində tələbə və müəllim əməkdaşlığının yaradılmasına xüsusi diqqət yetirilir. Ənənəvi təlim üsulları ilə yanaşı, tələbələrin fəalliğını artıracaq yeni metod və vasitələrdən istifadə olunur. Xüsusilə, təlimin ənənəvi metodları ilə bərabər, tədris prosesinə, bilik və bacarıqlarının mənimsənilməsinə yeni yanaşma hallarına xüsusi diqqət yetirilir. Universitet tələbələrinin təhsilə marağını artırmaq və semestr imtahanlarında şəffaflığı təmin etmək məqsədilə bir sira tədbirlər həyata keçirilir. Semestr imtahanlarının nəticələrinə əsasən, fakültələrdə stimullaşdırıcı təqaüdlər təsis edilir. Həmin təqaüdlər imtahanların nəticələrinə görə xüsusi fəal tələbələrə verilir. İmtahanlar zamanı “açıq qapı” günləri “media-tur”lar təşkil olunur. İmtahanlarda ictimaiyyət nümayəndələrinin, KİV-nin və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı təmin edilir.

Tələbələr yüksək ixtisaslı kadr kimi yetişirlər

 

Universitetdə məzunların işlə təminatı və karyeralarının səmərəli təşkili məqsədilə “Təcrübə və karyera” şöbəsi fəaliyyət göstərir. Şöbə tələbələrin həm pedaqoji təcrübələrinin yüksək səviyyədə təşkilinə, həm də universiteti bitirdikdən sonra işlə təminatına diqqət və qayğı ilə yanaşır. Tələbələr pedaqoji təcrübələrini Gəncənin aparıcı orta məktəblərində uğurla həyata keçirirlər. Onların apardıqları sınaq dərsləri universitet rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. İxtisas kafedralarının rəhbərləri və aparıcı müəllimlər tələbələrə elmin sirlərini öyrətməklə yanaşı, gələcəkdə yüksək ixtisaslı kadr kimi yetişmələri üçün kömək göstərir, metodiki məsləhətlər və tövsiyələr verirlər. Keçirilən sınaq dərslərində ixtisas üzrə fənn müəllimləri yaxından iştirak edərək, yekunda dərsin metodiki təhlili zamanı fikir söyləyir, məsləhətlər verirlər. Keçirilən bütün sınaq dərsləri “Təcrübə və karyera” şöbəsində müzakirə edilir. Tələbələr tərəfindən reallaşan sınaq dərsləri universitetin elektron saytında da yerləşdirilir. 2016-2017-ci tədris ilində tələbələrin 1000-dən çox sınaq dərsi dinlənilmiş və məqbul sayılmışdır.
Bu şöbə tez-tez məktəblərdə tələbələrlə görüşlər də təşkil edir. Bundan başqa, orta məktəblərdə fənn olimpiadalarının da keçirilməsi ənənəyə çevrilmişdir. Olimpiadalarda qalib gələn şagirdlər universitet tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılırlar. Mükafatların təqdimetmə mərasimlərində çıxış edən məktəblilər universitet rəhbərliyinə minnətdarlıq etməklə yanaşı, gələcəkdə həmin universitetdə təhsil almaq arzularını da ifadə edirlər.
Hər il Gəncə Dövlət Universitetini yüzlərlə məzun bitirir. Onların işlə təminatı üçün “Təcrübə və karyera” şöbəsi Gəncə şəhər məşğulluq mərkəzi ilə daim əlaqə saxlayır, məzunlara vakant iş yerləri barədə məlumatlar verir. Hər il universitetin keçirdiyi məzun yarmarkasında onlarca gənc özünə yeni iş yeri tapır. Yarmarkalarda vakant iş yerləri təklif olunmaqla yanaşı, mövcud müvafiq vakansiyalar haqqında da məlumatlar verilir.

Keçirilən beynəlxalq konfranslar xarici qonaqlarda xoş təəssürat yaradır

 

Universitet xarici ölkələrin qabaqcıl təhsil ocaqları ilə əlaqələri genişləndirmək məqsədilə tez-tez beynəlxalq konfranslar keçirməklə bir sıra mövzuların birgə müzakirəsini təşkil edir. Bu ilin may ayında “Müasir təbiət elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq konfransın keçirilməsi də məhz bu məqsədi daşımışdır. Konfransda Rusiya, Türkiyə, Ukrayna, Fransa, Gürcüstan və İspaniyadan olan 150 nəfərə yaxın nümayəndə iştirak etmiş, müxtəlif mövzularda məruzələrlə çıxış etmişlər. Konfransda oxunan məruzələr sonda kitab şəklində nəşr edilərək konfrans iştirakçılarına və ali təhsil müəssisələrinə paylanmışdır.
Bundan başqa, universitet AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə birgə keçirdiyi beynəlxalq elmi konfransda dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirərək bu sahədə əldə edilən təcrübələri paylaşmış, ortaq problemlərin müzakirəsini təşkil etmiş, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparmışdır.
Hər il Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ənənəvi “Beynəlxalq Təhsil Sərgisi” keçirilir. Gəncə Dövlət Universiteti 3 ildir ki, həmin sərgidə fəal iştirak edir və mükafata layiq yerlər tutur. 2014-2015-ci illərdə “The best university presentation”, 2016-cı ildə “Most Atractive Stand”, 2017-ci ildə isə “The best Regional University presentation” naminasiayaları üzrə müvafiq sertifikatlara layiq görülən Gəncə Dövlət Universiteti hazırda Avropa şəhərlərində təşkil ediləcək sərgilərdə iştirak etməyə hazırlaşır.

 

Tələbələrin asudə vaxtı maraqlı tədbirlərlə yaddaqalan olur

 

Universitetin Tələbə Gənclər Təşkilatı tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif klublar yaratmışlar. Hazırda bu ali təhsil müəssisəsində “kitab klubu”, “kino klubu”, “idman klubu”, “vətənpərvərlik klubu”, “debat klubu” daimi fəaliyyət göstərir. Həyata keçirilən səmərəli fəaliyyət nəticəsində universitetin Tələbə Gənclər Təşkilatı Gənclər və İdman Nazirliyi tərəfindən dəfələrlə fəxri diplomlarla mükafatlandırılmışdır. Bundan başqa, universitetin musiqi kollektivi ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar keçirilən respublika festivalında birinci olmuşdur.
Tələbələrin ən çox maraq göstərdikləri sahə idmandır. Tələbə gənclər təşkilatı bu sahədə gənclərə daim yaxından kömək göstərir. Tələbələrin idmanla daha yaxından məşğul olmaları üçün universitetdə hər cür şərait yaradılmışdır. İstər açıq, istərsə də qapalı idman meydançaları daim gənclərlə dolu olur. Göstərilən bu qayğının nəticəsidir ki, universitet tələbələri respublika yarışlarının bir çoxunda mükafata layiq yerlər tutmuşlar. Məsələn, bu il ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən dama üzrə XII Respublika Spartakiadasında universitetin komandası 3-cü, şahmat komandası isə 4-cü yerə çıxmışdır. İdmanın digər növləri, xüsusilə də cüdo üzrə tələbələrin bir neçəsi respublika birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Ümumiyyətlə, 2017-ci il Gəncə Dövlət Universitetinin idmançıları üçün uğurlu olub. Belə ki, Gürcüstanın Rustavi şəhərində keçirilən basketbol üzrə beynəlxalq turnirdə universitetin oğlanlardan ibarət komandası 2-ci yerə çıxmışdır. Universitetin pedaqoji fakültəsinin I kurs tələbəsi Fazil Həsənov sərbəst güləş üzrə respublika birinciliyində 1-ci yerə layiq görülmüşdür. Qızlardan ibarət voleybol komandası isə respublika birinciliyində 2-ci yerlə kifayətlənmişdir. Belə uğurların sayını artırmaq da olar.

 

Görüləsi işlər də çoxdur

 

Universitetin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibovla söhbət zamanı o dedi ki, görüləsi işlər hələ çoxdur. Azərbaycanda aparılan təhsil islahatları artıq öz nəticələrini verməkdədir. Bu gün təhsilin bütün sferalarında yeniləşmə, dünya mütərəqqi təhsilinə inteqrasiya prosesi aydın nəzərə çarpır. Xüsusilə, ali təhsil sahəsində həyata keçirilən islahat bu sferada yeni tədris modelinin tətbiqinə yol açır, ölkədə yüksək səviyyəli kadrların yetişdirilməsinə imkan yaradır. Avropaya inteqrasiya etdiyimiz bir dövrdə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində üzərimizə böyük vəzifələr düşür. İndi elə bir vaxtdır ki, həm müəllim, həm də tələbə hər gün yeniliyə can atmalı, öyrənməli və inkişaf etməlidir. Xüsusilə, inkişaf etmiş Avropa ali təhsil müəssisələrinin qazandıqları nailiyyətləri daha çox mənimsəməliyik. Son illər qazandığımız uğurlar məhz bunun sayəsində mümkün olmuşdur. Məsələn, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Avropanın nüfuzlu təhsil ocaqları olan Avstriyanın Qraz Universitetinin, Polşanın Lodz Universitetinin, Yunanıstanın Makedoniya Universitetinin qoşulduğu yeni layihəyə Gəncə Dövlət Universiteti də qoşulmuşdur. Layihədə əsas məqsəd əlilliyi olan tələbələrin ali təhsilə cəlb olunması, onların təhsilinə mane olan məhdudiyyətlərin aradan qaldırılması və həmin tələbələrin cəmiyyətə inteqrasiyasının təmin edilməsi istiqamətində maarifləndirmə işlərini həyata keçirməkdən ibarətdir. Məhz bu məqsədlə ilk dəfə olaraq qərb bölgəsi üzrə Gəncə Dövlət Universiteti bu layihəyə qoşuldu və universitetdə “Əlilliyi olan tələbələr üçün mərkəz” yaradıldı.
Xarici ölkə universitetləri ilə əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi, birgə elmi-tədqiqatlar aparılması, elmi konfransların keçirilməsi (Fransanın Ot-Alzas Universiteti ilə planlaşdırılır), Türkiyənin İstanbul Universiteti ilə “İkili diplom” layihəsinin reallaşdırılması istiqamətində işlər aparılır.
Hazırda GDU-da bakalavriat səviyyəsində maarif istiqamətində 22 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Başlıca vəzifə müasir tələblərə cavab verən, müəyyən İKT biliyinə malik olan səriştəli, peşəkar, ixtisasını dərindən bilən pedaqoji kadrların hazırlanmasıdır. Təhsil Nazirliyinin müəllimlərin biliyinin diaqnostik qiymətləndirilməsi zamanı istifadə etdiyi proqramdan istifadə etməklə bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir.
Həmçinin universitetdə digər istiqamətlərdə də rəqabətqabiliyyətli, dünyanın istənilən nöqtələrində işləmək qabiliyyətinə və biliyinə malik olan, öz ixtisası sahəsində kifayət qədər İKT bilikləri ilə silahlanmış və xarici dillərdən ən azı birini bilən kadrların hazırlanması sahəsində işlərin görülməsi nəzərdə tutulur.
Təhsil verənlərin peşəkarlığını, səriştəliliyini artırmaq, onların tərkibini gəncləşdirmək, müasir düşüncəli, kreativ təfəkkürlü gəncləri tədrisə cəlb etmək günün vacib şərtlərindəndir. Hazırda universitetdə çalışan təhsil verənlərin tərkibi elmi dərəcə və elmi ad mövqeyi-nəzərdən standarta cavab vermir. Bu məsələni həll etmək üçün Təhsil Nazirliyi tərəfindən doktorantura və dissertantura üçün kifayət sayda yerlər ayrılır və bu da gənc müəllimlərin doktorant və dissertant qismində gələcəkdə elmi dərəcə alması üçün münbit şərait yaradır. Hesab edirəm ki, yaxın bir neçə il ərzində bu problem öz həllini tapacaqdır.
Peşəkar kadr hazırlığını həyata keçirmək üçün tədrisin keyfiyyətinin yüksəldilməsi vacib şərtdir. Bu məqsədlə maddi-texniki bazanın daha da gücləndirilməsi, yeni təlim texnologiyaların tətbiqi, tədrisin keyfiyyətinə nəzarət qurumlarının yaradılması nəzərdə tutulur.
Bu istiqamətdə planlaşdırılan tədbirlərdən biri də respublikanın qabaqcıl ali məktəblərindən, AMEA -nın institutlarından, Avropa universitetlərindən GDU-da seçilmiş mühazirələr oxumaq, tədris prosesində davamlı iştirak etmək üçün əməkdaşların cəlb edilməsi işinin daha da intensivləşdirilməsidir
Söhbət zamanı rektor gələn il fəaliyyətinin 80 illiyini qeyd etməyə hazırlaşan Gəncə Dövlət Universitetndə görülən hazırlıq işlərindən də danışdı. Dedi ki, universitetin kollektivi bu yubileyə qazandığı uğurlarla gəlir. İndi Gəncə Dövlət Universiteti sovetlər birliyi dövründəki universitet deyil. Ölkəmizin iqtisadi uğurları nəticəsində digər ali təhsil ocaqları kimi, Gəncə Dövlət Universitetində də ən müasir standartlara uyğun tədris bazası yaradılmışdır. Lakin yaradılan bu şərait və qazanılan uğurlar son hədd deyil. Bu gün Gəncə Dövlət Universitetinin kollektivi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası haqqında” sərəncamında qarşıya qoyulan hədəflərə çatmaq üçün Təhsil Nazirliyi tərəfindən aparılan islahatlarda, bu istiqamətdə həyata keçirilən layihələrdə yaxından iştirak edir. Bu isə universitetdə tədrisin, elmi araşdırmaların keyfiyyətinin yüksəldilməsində və son nəticədə müasir, səriştəli, peşəkar kadr hazırlığı prosesində öz töhfəsini verəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 14 =