Gəncə Dövlət Universitetinin alimləri “Məktəb dezadaptasiyası sindromu, onun korreksiyası yolları” mövzusunda təlimlərə başlayıb

Gəncə Dövlət Universitetinin tədris baza müəssisəsi olan Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə “Məktəb dezadaptasiyası sindromu, onun korreksiyası yolları” mövzusunda tədbir keçirilib.

Universitetin rektoru, professor Yusif Yusibovun tapşırığına əsasən universitet-məktəb əməkdaşlığının inkişafı istiqamətində keçirilən elmi, metodiki və psixoloji xarakterli tədbirdə GDU-nun Psixologiya kafedrasının, Psoxoloji mərkəzinin, Təcrübə və karyera şöbəsinin professor-müəllimləri, eləcə də məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak edib.

Tədbirdə çıxış edən GDU-nun Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova bildirib ki, məqsəd çətin tərbiyə olunan uşaqların məktəbdə dezadaptasiyası haqqında şagirdləri məlumatlandırmaq, məktəblilərə peşələr haqqında məlumat vermək, onlara ixtisas seçimində köməklik göstərmək, seçilən peşə növlərinin xüsusiyyətləri və tələbləri ilə tanış etmək, həmçinin şagirdlərin psixofizioloji və sosial-psixoloji durumu arasındakı uyğunluğu müəyyənləşdirməkdir.

Sonra mövzunun əsas cəhətləri və istiqamətləri barədə həmin kafedranın baş müəllimi Leyla Həsənova ətraflı məlumat verib.

Qeyd edililib ki, şagirdlərin aktiv və hiperaktiv olmaları, eləcə də ailədə baş verən hadisələr uşaqların xasiyyətlərində, yoldaşları ilə davranışlarında müxtəlif formalarda öz əksini tapır. Ona görə də çətin tərbiyə edilən şagirdlərlə ardıcıl olaraq psixoloji söhbətlər aparılmalı, onlarla mütəmadi görüşlər təşkil edilməli və həmin uşaqların dünya görüşlərinin formalaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilməlidir.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Gəncə Dövlət Universitetinin Təcrübə və karyera şöbəsinin və ayrı-ayrı fakültələrin keçirdiyi tədbirlər, təlimlər vasitəsilə şagirdlərin ixtisas seçimi məsələlərinə xüsusi diqqət yetirilir, abituriyentlərin bacarıq və qabiliyyətlərinin düzgün qiymətləndirilməsi, əmək bazarının mövcud vəziyyəti və tələbləri ətrafında geniş müzakirələr aparılır.

Həmçinin GDU nun Təcrübə və karyera şöbəsinin hazırladığı müxtəlif səpkili karyera, planlama təlimləri, həmçinin universitet alimlərinin bütün ixtisaslar üzrə təlim və mühazirələri şəhərin digər ümumtəhsil məktəblərində həyata keçirilir.