Gənclər Ulu Öndərin siyasi irsini öyrənirlər

Universitetin Riyaziyyat-İnformatika fakültəsinin tələbələrinin Gəncə Heydər Əliyev Park Kompleksinə ekskursiyası təşkil edilib.

Tələbələrin komplekslə ilk tanışlığı Heydər Əliyev Mərkəzindən başlayıb. Burada çıxış edən universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirib ki, gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsi Azərbaycanda dövlət gənclər siyasətinin əsas məqsədlərindəndir. Tələbələrə dövlət gənclər siyasətinin əsas prinsipləri izah olunub və bu istiqamətdə respublikamızda, xüsusən də Gəncə şəhərində həyata keçirilən yerli və beynəlxalq layihələr haqqında ətraflı məlumat verilib.

Sonra tələbələr mərkəzin bələdçiləri vasitəsilə ölkəmizin ikinci böyük şəhəri Gəncənin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti, həmçinin Nizami yurdunun son illərdə keçdiyi sürətli inkişaf yolunu özünü əks etdirən Heydər Əliyev Park Kompleksi və Mərkəz haqqında dolğun məlumat toplayıblar.

Ekskursiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətinin müxtəlif məqamlarını, xüsusilə Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən foto və sənədlərlə tanış olublar.

Bələdçilər tur-aksiya iştirakçılarına Heydər Əliyev Park Kompleksinin ayrı-ayrı məkanları haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, ərazisinə görə dünyanın 5 ən böyük istirahət məkanları sırasına daxil olan bu kompleksdə 2 kilometr uzunluğunda xiyaban salınıb, kütləvi tədbirlər üçün amfiteatr tikilib. Park kompleksində uşaq və gənclər üçün əyləncə mərkəzi salınıb, süni göl yaradılıb. Tələbələr bu möhtəşəm kompleksin ayrı-ayrı məkanlarında olub, xatirə şəkilləri çəkdiriblər.