İctimaiyyət üçün açıq dərsdə Füzulinin Leyli və Məcnun poeması təhlil edilib

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə “Füzulinin Leyli və Məcnun poemasının təhlili” mövzusunda açıq dərs keçirilib.

Universitetin Filologiya fakültəsinin dosenti Afaq Yusiflinin təqdimatı ilə keçirilən açıq dərsdə klassik Şərq ədəbiyyatının ən gözəl bədii nümunələrindən olan “Leyli və Məcnun” poemasının təhlili aparılıb, bu əsərin qaynaqları, quruluşu, süjeti və  əsərin əsas qəhrəmanları ilə bağlı ətraflı məlumat verilib.

Tədbirdə Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti, orta məktəblərin ədəbiyyat müəllimləri və tələbələr iştirak ediblər.

Afaq Yusifli bildirib ki, əsərdə eşqin mürəkkəb çalarları, qəhrəmanların dili ilə verilən qəzəllərdəki suallar və yalvarışlar Məhəmməd Füzulinin bütün epik yaradıcılığının stimuludur. Metaforik düşüncələrinin nəticəsi kimi ortaya çıxan epik situasiyalar əslində şairin lirik yaradıcılığının davamıdır.

Qeyd edilib ki, poemanın təkcə məzmunu deyil, bütövlükdə quruluşu onu şairin lirikasından nəinki ayırmır, hətta onları bütövün bir hissəsi kimi qavramağa yönləndirir.

Leyli və Məcnun eşq dastanıdır, lakin burada sevən yalnız baş qəhrəmanlar deyil, poemada kimisə sevməyən obraz yoxdur. Bu sevgilərin əksəriyyətində bir təmənna var, hamı nə üçünsə sevir. Yalnız Məcnunun məhəbbəti təmənnasız və sonsuzdur.

Ədəbiyyat tariximizdə məhəbbət mövzulu əsərlərin  çox olduğunu deyən A. Yusifli vurğulayıb ki, onlar konkret qəhrəmanları olan, müəyyən əhvalata əsaslanan, əsasən nəzmlə yazılmış ədəbi abidələrdir. Hər hansı sənətkar tərəfindən orijinalı qələmə alınan və bir neçə nəzirəsi olan belə əsərlərə “Xosrov və Şirin”i, “Vis və Ramin”i, “Vərqa və Gülşa”nı misal çəkmək olar. İlk orijinalı və onlarla nəzirəsi olan “Leyli və Məcnun” poeması bu sırada əlahiddə yer tutur. “Leyli və Məcnun” həmişə “əfsanə bəhanəsilə” sirr açan sənətkarlar üçün əbədi mövzuya çevrilmiş, zəmanəsindən və özündən danışmaq istəyən şairlər sadiqlik xatirinə deyil, mövzu imkan verdiyinə görə ona müraciət etmişlər. Dünya ədəbiyyatına dahi Azərbaycan şairi Nizami Gəncəvinin gətirdiyi “Leyli və Məcnun” mövzusu unikal mövqeyə malikdir. Nizamidən sonrakı bütün dövrlərdə bu əsərə onlarla nəzirənin yaranma səbəbi mövzunun gözəlliyində, qeyri-adiliyində deyil, dahi şairin həmin mövzuya münasibətində, mövzunu təqdim etmə məntiqindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 2 =