Milli Dirçəliş Günü xalqımızın istiqlal mücadiləsinin əsas mərhələlərindəndir

Xalqımızın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycan müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

17 noyabr – Milli Dirçəliş Günü münasibəti ilə Gəncə Dövlət Universitetində keçirilən tədbirdə Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva bildirib ki, mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub.

Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verib. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başlayıb. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoyub. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişib. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən 20 il sonra Sovet İttifaqı dağılmağa başlayanda xalqın dayağı olub.

Tədbirdə çıxış edən digər məruzəçilər qeyd etdilər ki, keçən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.

Məruzəçilər çıxışlarında onu da vurğuladılar ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilib. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulub.