Narkomaniyaya və zərərli vərdişlərə qarşı mübarizədə cəmiyyətin bütün təbəqələri fəal iştirak etməlidir

Gəncə Dövlət Universitetində “Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti bildiri ki, maarifləndirici tədbirdə Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva, Təhsil Nazirliyinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun  məsləhətçisi Azad Axundov, Dövlət Komissiyasının işçi qrupunun əməkdaşları Rafiq Allahverdiyev, Şahin İsmayılov,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural  Hüseynzadə, Qərb bölgəsi üzrə Narkotiklərlə mübarizə idarəsinin bölmə rəisi Vahid Zəfərov və  yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin rəisi Babək Sadıqov iştiark edib.

Tədbirdə çıxış edənlər bir daha qeyd ediblər ki, narkomaniya dünya ölkələrinin və cəmiyyətlərinin ən böyük problemlərindən biridir. İllərdir ki, bu problemlə müxtəlif vasitə və metodlarla mübarizə aparılır. Problemin mövcudluğu hələ də qalır və get-gedə yayılma miqyası böyüyür. Bu bəla Azərbaycan cəmiyyətindən də yan keçməyib.

Bildirilib ki, narkomaniya Azərbaycan tələbələri üçün də böyük təhlükədir. Bunun üçün isə tələbələr arasında narkomaniya əleyhinə maarifləndirmə tədbirlərinin ölkə miqyasında keçirilməsi, hər bir vətəndaşın informasiya ehtiyacını ödəyəcək, cəmiyyətimizi daim məlumatlandıracaq peşəkar saytın yaradılması və cəmiyyətin aparıcı qüvvəsi olan gənclərdə narkomaniyaya nifrət hissinin oyadılması məqsədlərinin reallaşdırılması nəzərdə tutulur.

Vurğulanıb ki, Narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından istifadə edilməli, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları haqqında, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə məlumatlar verilməlidir.

Sonra “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqram”ının icrası məqsədilə görülən işlər haqqında məlumat verilib. Bu sahədə əhali arasında maarifləndirmə işlərinin aparıldığı, mətbuatda məqalələrin dərc edildiyi bildirilib.

Çıxış edən qonaqlar sağlamlıq üçün ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına təkan verən narkomaniyanın ən böyük sosial bəlalardan biri olduğu barədə ətraflı məlumat verərək  yeniyetmə gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyat və mənəvi kamilliyə çağırıblar.

Tədbirdə tələbələrin sualları cavablandırılıb və onları narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.