Tələbələr arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Dekabrın 7-də Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı tərəfindən “Heydər Əliyev və Azərbaycan” adlı inşa yazı müsabiqəsi təşkil olunub.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, müsabiqədə 50 nəfərə yaxın tələbə ümummilli lider Heydər Əliyev haqqındaki bilik və düşüncələrini qələmə alıblar.

Müsabiqədən əvvəl çıxış edənlər müasir dövlətçiliyimizin qurucusu, ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı müstəsna tarixi xidmətlərindən danışıblar.

Vurğulanıb ki, dahi rəhbər Heydər Əliyevin şərəfli ömür yolu doğma Vətənə və xalqa xidmətin parlaq nümunəsidir. Misilsiz idarəetmə istedadına malik olan Ümummilli Liderimiz Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə quruculuğun, sosial-iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, dövlətçiliyin təminatçısı olmuş, ən ağır məqamlarda Azərbaycanın mənafeyi naminə xilaskarlıq missiyasını yerinə yetirmişdir.

Ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışanlar müdrik rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib, ölkəmizin sürətlə inkişaf etdiyini söyləyiblər.

Sonra tələbələr bütün nəsillərə örnək olan böyük tarixi şəxsiyyət Heydər Əliyev haqqında öz fikir və düşüncələrini səmimi hisslərlə, həm də Ulu Öndərə dərin hörmət və sonsuz ehtiram duyğuları ilə ifadə ediblər.

Sonda müsabiqənin qaliblərinə diplomlar və digər mükafatlar təqdim olunub.