Universitet-məktəb əlaqələrinin inkişafı təhsildə yeni ideyalar yaradır

Gəncə Dövlət Universitetinin professor-müəllimlərinin, eləcə də gənc tədqiqatçı və doktorantlarının şəhərin ümumtəhsil məktəblərində genişləndirilmiş auditoriya və ictimaiyyət üçün nümunəvi dərsləri davam edir.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, dekabrın 6-da Təcrübə və karyera şöbəsi ilə Alman dili kafedrası 31 nömrəli tam orta məktəbdə kollektiv və ictimaiyyət nümayəndələri üçün açıq dərs təşkil ediblər.

“Nationalität und Sprache” – (Ölkə, milliyyət və dil) mövzusunda olan açıq dərs əsasən 7-ci siniflərin xarici dil proqramlarına uyğun təşkil edilib və universitetin Alman dili kafedrasının müəllimi Gözəl Qasımova tərəfindən təqdim edilib.

Məktəb şagirdlərində və açıq dərsi dinləyən pedaqqoqlarda böyük maraq yaradan dərs müasir təlim-tədris metodlarına və texnologiyalarına, eləcə də kurikulum üzrə innovativ üsullara istinad edilərək təqdim olunub.

Müəllim sinfin şagirdlərini təlimata əsasən iki yarımqrupa böldükdən sonra, hər bir yarımqrup üzrə tələb olunan işləri icra etməyə başlayıb. Dərs zamanı fəallığı təmin edilən şagirdlər tapşırılan işləri fərdi, daha sonra isə qrup halında yerinə yetiriblər.

Açıq dərsdə Təcrübə və karyera şöbəsinin, Alman dili kafedrasının rəhbər və əməkdaşları, məktəbin direktoru və fənn müəllimləri iştirak ediblər.

Dərsin müzakirəsi zamanı çıxış edənlər – Təcrübə və karyera şöbəsinin əməkdaşı dosent Cabbar Qarayev, Alman dili kafedrasının müdiri Elvin Atakişiyev, eləcə də məktəbin fənn müəllimləri Gözəl Qasımova tərəfindən təqdim edilən dərsi müsbət qiymətləndiriblər. Müəllimlər yaxın vaxtlarda Alman dili kafedrasının digər əməkdaşlarının da həmin məktəbdə müxtəlif istiqamətli tədbirlərinin təşkilini tövsiyyə ediblər. Həmçinin bildiriblər ki, Gəncə Dövlət Universiteti ilə ümumtəhsil məktəbləri arasındakı əlaqələrin inkişafı təhsildə yeni ideyalar yaradır