Əlilliyi olan insanlar üçün müyəssər cəmiyyət mövzusunda dəyirmi masa təşkil olunub

Gəncə Dövlət Universitetində (GDU) Azərbaycan Milli Avtomobil Klubu (AMAK) tərəfindən “Azərbaycanda əlilliyi olan şəxslər üçün müyəssər nəqliyyat: məlumatın toplanması, təkliflər paketinin hazırlanması” layihəsi çərçivəsində dəyirmi masa təşkil edilib.

Tədbiri açan GDU-nun Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva əlilliyi olan tələbələrin ali təhsilə cəlb olunması, onların təhsilinə mane olan məhdudiyyətlərin aradan qaldırılması və həmin tələbələrin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində maarifləndirmə işlərinin aparıldığını diqqətə çatdırıb.

AMAK təşkilatının nümayəndəsi Vəfa Hüseynli bildirib ki, tədbirin məqsədi bütün tərəfdaşları bir araya gətirərək əlilliyi olan insanlar, onların bərabər hüquqları barədə maarifləndirmə işini təşkil etməkdir.

Əlillərin nəqliyyatda üzləşdiyi çətinliklərinin aradan qaldırılması üçün cəmiyyət arasında sorğunun keçirildiyini deyən Gülnarə Pənahova əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılması, əlilliyi olan uşaqların təhsilə cəlb olunması, əlil şəxslərlə münasibətdə düzgün terminalogiyadan istifadə edilməsi haqqında məlumat verib.

Tədbirdə çıxış edən Əlil qadınlar cəmiyyətinin Gəncə şəhər şöbəsinin sədri Elmira İsmayılova əlillər üçün cəmiyyət tərəfindən görülən işlər barədə məlumat verib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Avtomobil Nəqliyyatı və Sərnişindaşıma departamentinin hüquqşunası Ceyhun Əliyev və Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin koordinatoru Rəzalə Abbasova tədbir işçtirakçılarına dövlətimiz tərəfindən fiziki məhdud şəxslər üçün yaradılan şəraitdən danışmaqla yanaşı, onların problemlərinin həllinin hər kəsin borcu olduğunu qeyd ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.