Təbiət aşiqi, torpağa bağlı şəxsiyyət – akademik Həsən Əliyev

Gəncə Dövlət Universitetində akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunmuş “Unudulmaz elm xadimi, dəyərli insan” mövzusunda elmi-praktik konfrans təşkil olunub.

Tədbirdə universitetin prorektorları, professor-müəllim və tələbə kollektivi iştirak edib.

Konfransı açan Milli Məclisin deputatı, universitetin Elm vəİnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə deyib ki, XX yüzillikdə Azərbaycan elmi özünün intibah dövrünə qədəm qoyub. Məhz, həmin illərdə Azərbaycanın çox görkəmli, dünya miqyasında tanınan və qəbul edilən alimləri yetişib. Bu alimlərin hər biri qədim tarixə malik milli elmimizin uğurlu təbliğatçıları olub. Elm tariximizin səhifələrində öz işıqlı siması, parlaq əməlləri, qiymətli elmi əsərləri ilə iz qoyan alimlərimizdən biri də akademik Həsən Əliyevdir.

Vurğulanıb ki, akademik Həsən Əliyev Azərbaycan təbiətinin gözəlliyini, zənginliyini, insanlara verdiyi faydanı dərk edən və bu mirasa, sərvətə gələcək nəsillərdə böyük sevgi oyadan, daha doğrusu, o sevgini aşılayan böyük təbiət alimi olub.

Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva öz xatirələri ilə bağlı olan fikirlərində bildirib ki, erməni-müsəlman qırğını zamanı azərbaycanlı ailələr öz doğma yurdunu – İrəvanın Zəngəzur qəzasını tərk edərək pərən-pərən düşüb, müxtəlif yerlərə pənah aparıblar. Onların sırasında Əliyevlər ailəsi də olub. Ermənilərdən xilas olan Comərdli kəndinin əhalisi Naxçıvan torpağının müxtəlif kəndlərində məskunlaşıb. Həsən Əliyevin ailəsi də Zəngəzur qəzasını tərk edərək böyük çətinliklərlə Naxçıvan şəhərinə pənah gətirib.1920-ci ildən etibarən Azərbaycanda kütləvi savadsızlığın ləğv edilməsi uğrunda başlanan hərəkata qoşulanlardan biri də 17 yaşlı gənc Həsən Əliyev olub. Böyük alimin ömür yolu hamar olmayıb. O, əməklə, zəhmətlə gələcək həyatını, elm yolunu müəyyən edib.

AMEA-nın müxbir üzvü, Botanika kafedrasının müdiri, professor Vaqif Novruzov, Filologiya fakültəsinin dekanı,  professor Mübariz Yusifov, Pedaqoji fakültənin dekanı, dosent Bayram Apoyev, Coğrafiya kafedrasının müəllimi, alim Arifə Əhmədli və digər çıxış edən məruzəçilər akademik Həsən Əliyevin həyat və fəaliyyətindən, ölkəmizdə elmin inkişafına verdiyi töhfələrdən danışıblar.

Qeyd edilib ki, Həsən Əliyev15 dekabr 1907-ci ildə Sisyan rayonunun Comərdli kəndində anadan olub. 1947-ci ildə Azərbaycan Respublikası Əməkdar elm xadimi fəxri adına layiq görülüb. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olub.Müharibədə ağır yaralandıqdan sonra arxa cəbhəyə göndərilib və o vaxtdan da Həsən Əliyev  səngəri elm cəbhəsi ilə əvəz edib. 1944-1949-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan PedaqojiUniversiteti) baş müəllim, 1949-1952-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun direktoru olub. 1952-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilib. Azərbaycan Kənd Təsərrüfatı nazirinin birinci müavini və 1952-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olub. 1952-1957-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, 1957-1967-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laboratoriya müdiri, 1968-ci ildən ömrünün sonuna qədər isə (1993) Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru (1968-1993) vəzifələrində işləyib.

Alimin əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edib. O, Şərqi Zaqafqaziya torpaqlarının əmələ gəlməsinin və coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib hazırlanmasına böyük əmək sərf edib. Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsinin təşkili Həsən Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil edib.

Azərbaycan təbiətinin, torpağının və suyunun mühafizəsi sahəsində onun xidmətləri əvəzsiz olub. O, kütlələrin ekoloji tərbiyəsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət verib.

Vurğulanıb ki onun “Həyəcan təbili” əsəri (Bakı, 1976, 1982) təbiətin və ətraf mühitin qorunması üçün insanlara ağrılı, hərarətli müraciət, çağırış olub. Həsən Əliyev coğrafiya üzrə bir sıra elmi şuraların sədri və üzvü seçilib.Yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlər göstərib. Azərbaycan Respublikası Təbiəti Mühafizə Komitəsinin yaradıcısı və Cəmiyyətinin sədri, 1975-1990-cı illərdə Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, 1975-ci ildən “Azərbaycan təbiəti” məcmuəsinin baş redaktoru olub.

HəsənƏliyev 1958-ci ildə Yunanıstanda, 1960-cı ildə Polşada, 1964 və 1977-ci illərdə ABŞ-da, 1966-cı ildə Rumıniyada, eyni ildə İsveçrədə, 1968-ci ildə Avstraliyada, 1978-ci ildə Kanadada, 1980-ci ildə Yaponiyada, 1981-ci ildə Almaniyada və başqa ölkələrdə keçirilmiş beynəlxalq konqreslərdə məruzələr edib. Azərbaycan SSR Ali Sovetinin 10-11-ci çağırış dadeputatı olub. Lenin ordenı, Oktyabr İnqilabı, Qırmızı ƏməkBayrağı, Qırmızı Ulduz, Vətən müharibəsi, Şərəf nişanı ordenləri, SSRİ Elmlər Akademiyasının N.İ.Vavilov adına qızıl medalı ilə təltif edilib. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Həsən Əliyevinadını daşıyır. Dünya Universitetinin elmi və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü seçilib.

Bir sözlə Həsən Əliyev torpaqşünas, ümumi əkinçilik və təbiəti mühafizə sahəsində görkəmli alim, həmçinin ictimai-siyasi xadim kimi uzun illər Azərbaycana əvəzsiz xidmətlər göstərib.