Gender zorakılığı və insan alveri mövzusunda seminar keçirilib

Gəncə Dövlət Universitetində “Gender zorakılığı və insan alveri: səbəblər, qarşısının alınması üçün qabalayıcı işarələr və gündəlik alətlər” mövzusunda seminar keçirilib.

Tədbiri açan  universitetin Humanitar məsələlər üzrə  prorektoru, dosent Gülsüm Fətəliyeva bildirib ki, müasir dövrdə gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktualdır. Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə qadın və uşaqların hüquqlarının təmin edilməsini prioritet sayan dövlətlərin bu gün həll etməyə çalışdığı əsas problemlərdən biridir.

“Azərbaycan tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak ediblər”- deyə G. Fətəliyeva qeyd edib.

“Təmas” Regional İnkişaf İctimai Birliyinin üzvü Südabə Məmmədova mərkəzin fəaliyyəti haqqında tələbələrə məlumat verərək deyib ki, mərkəzin əsas məqsədi  Qərb bölgəsində yaşayan insan alveri qurbanları, məişət zorakılığından əziyyət çəkən qadınlar və uşaqlar, sənədsiz insanlar, insan alveri qurbanına çevrilmə riski daha çox olan qadın və uşaqlara yardım etməkdir.

S. Məmmədova qeyd edib ki, insan alveri və potensial insan alveri qurbanlarının təhlükəsiz sığınacaqla təmin edilməsi, onlara peşəkar və effektiv yardımların göstərilməsi, mövcud risklərin qarşısının alınması, qurbanların cəmiyyətdə effektiv sosial reabilitasiyası, sosial reinteqrasiya və dəstək mexanizmlərinin gücləndirilməsi üçün mövcud imkanlardan maksimum istifadə olunur.

Tədbirdə çıxış edən amerikalı məruzəçi Xayme Kordes tələbələrlə sağlam və qeyri sağlam münasibətlər, mobilləşmə, müşahidəçinin müdaxiləsi, rəqəmsal təhlükəsizlik və texniki ələtlər, hesabatlılıq, kömək, yardım, advokasiya və sair kimi resursların təqdim olunması mövzusunda diskussiya edib.

Seminarda “Gender əsaslı zorakılıq” və “İnsan alveri” mövzularını özündə əks etdirən maraqlı təqdimatlar nümayiş etdirilib, interaksiv qrup tapşırıqları və diskussiyalar həyata keçirilib.