Gəncə Dövlət Filarmoniyasında ilk konsert proqramı təşkil edilib

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə konsert təşkil olunub.

Konsertdən öncə qonaqlar ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin Baş beydanında yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Konsert proqramında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, xarici qonaqlar və şəhər ictimaiyyəti iştirak edib.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, ölkə rəhbəri İlham Əliyevin və Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın Nizami yurduna olan diqqət və qayğısı nəticəsində Gəncə Dövlət Filarmoniyası öz fəaliyyətinə başlayıb. Elmar Vəliyev Gəncə Dövlət Flarmoniyasında yerli və dünyanın tanınmış incəsənət xadimlərinin konsertlərinin təşkil olunacağını bildirib.

Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu Gəncə Dövlət Filarmoniyasında keçirilən konsertin tarixi gün olduğunu bildirərək, Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib.

Sonra Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə vəsiqələr təqdim edilib.

Rəsmi hissədən sonra konsert proqramı təqdim edilib.

Konsertdə Xalq artisti Rafael Bayramovun dirijorluğu ilə “Gəncə Dövlət Kamera Orkestrı”, Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov, əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, “Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı”, ifaçılar Samir Məmmədov, Elvin Pişnamazzadə, Həmid Məmmədov, Rusiya Federasiyasının Dövlət Akademik Böyük Teatrının solistləri və başqaları musiqi proqramları ilə çıxış ediblər.