Gəncə Dövlət Universitetində qərb bölgəsi məktəblilərinin Kimya Olimpiadası keçirilib

Gəncə Dövlət Universitetinin (GDU) təşəbbüsü və təşkilatçılığı ilə respublikanın qərb bölgəsindəki ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün kimya fənnindən olimpiada təşkil edilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti bildirir ki, olimpiadanın keçirilməsində məqsəd məktəblilərin kimya fənninə marağını artırmaq, həmçinin yuxarı sinif şagirdlərinin gələcəkdə ixtisas seçiminə köməklik göstərməkdir.

Əvvəlcə ümumtəhsil məktəblərinin müəllimləri, şagirdlər və valideynlər Gəncə Dövlət Universitetinin Kimya fakültəsində yaradılan tədris mühiti, fənn kabinetləri və müasir laboratoriyalarla yaxından tanış olublar.

Məktəblilərə son illərdə GDU-nun kimyaçı alimləri tərəfindən aparılan elmi araşdırmalar və alınan nəticələr haqqında ətraflı məlumat verilib. Olimpiadada yüksək nəticə göstərən şagirdlərin  universitet alimlərinin rəhbərliyi ilə müxtəlif laboratoriyalarda aparılan təcrübələrdə iştirak edə biləcəkləri qeyd edilib.

Sonra şagirdlər kimya üzrə biliklərini yoxlamaq üçün olimpiadaya qoşulublar.

Universitetin Kimya fakültəsində keçirilən olimpiadada Gəncənin bütün ümumtəhsil məktəblərindən, eləcə də Göygöl və Samux rayonlarından olan 400-nəfərdən artıq şagird iştirak edib. Məktəblilərin biliyinin test üsulu ilə müəyyənləşdirildiyi olimpiada üçün suallar GDU-nun Kimya kafedrasının professor – müəllim heyəti tərəfindən hazırlanıb. Olimpiadanın testləri hər birində 25 sual olmaqla 4 variantda, 2 blokda tərtib edilib. 7-9-cu sinif şagirdləri üçün tərtib edilən 1-ci bloka qeyri-üzvi kimya, 10-11-ci sinif şagirdləri üçün hazırlanan ikinci bloka isə üzvi kimya sahəsinə aid suallar daxil edilib.

Bildirilib ki, bu cür olimpiadaların gələcəkdə həm digər elm sahələri, həm də bütün ixtisas qrupları üzrə keçirilməsi nəzərdə tutulur. Valideynlər universitet – məktəb arasındakı əlaqələrin bu cur uğurlu inkişafına görə GDU-nun rəhbərliyinə, alim və müəllimlərə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, olimpiada testlərinin nəticələri və qaliblər bu həftə elan ediləcək.