“Yeni bir fikrim var” təşəbbüskarlıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

Müasir dövrdə təhsilin paradiqmasının dəyişməsi ilə əlaqədar olaraq hazırki  universitetlər elm və təhsil mərkəzləri olmaqla yanaşı, həm də yeni innovativ ideyaları dəstəkləyən, onların cəmiyyətə və sənayeyə tətbiqini gerçəkləşdirən, eləcə də elm-təhsil-sənaye üçlü modelinin inkişafına təkan verən böyük intellektual mərkəzlərdir. Son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi elm və təhsildə qazanılan bir çox nailiyyətlər alınmış elmi nəticələrin və irəli sürülən innovativ ideyaların ölkəmizdə biliyə əsaslanan və rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması üçün tətbiqini zəruri edib. Hazırda universitetlərin daha bir funksiyası gənclərin təşəbbüskarlıq meyillərini inkişaf etdirmək, onların innovativ ideyalarına münbit şərait yaratmaq və bu layihələri mənfəət gətirən sahəyə çevirməkdən ibarətdir.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, bu fikirlər Təhsil Nazirliyinin dəstəyi və Gəncə Dövlət Universitetinin İnnovasiyalar departamentinin təşkilatçılığı ilə həyata keçirilən “Yeni bir fikrim var” təşəbbüskarlıq müsabiqəsinin final mərhələsində səsləndirilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, Milli Məclisin deputatları, yerli və xarici iş adamları, eləcə də Gəncə Dövlət Universitetinin alim və gənc tədqiqatçıları iştirak ediblər.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Yusif Yusibov bildirib ki, texnoloji yeniliklər dövründə innovasiya və sahibkarlıq iqtisadi inkişafı sürətləndirən əsas amillərdəndir. Hazırda yüksək tərəqqiyə çatmış ölkələr öz iqtisadiyyatlarının dayanıqlılığını və rəqabət qabiliyyətliliyini təmin etmək üçün innovasiya yönümlü iqtisadiyyatı seçiblər.

Azərbaycanda da bu sahədə bir çox uğurların əldə olunduğunu deyən professor Yusif Yusibov qeyd edib ki, son illərdə Prezident İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının neft və qaz amilindən asılılığının azaldılması, eyni zamanda  qeyri neft sektorunun inkişafı və innovasiyaların tətbiqinə əsaslanan iqtisadiyyatın qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilib, müvafiq tapşıqırıq və sərəncamlar verilib.

Vurğulanıb ki, Ölkə Başçısının bu sahədəki çağırışlarına cavab olaraq, eləcə də “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramlarının icrasına dəstək məqsədilə  Gəncə Dövlət Universitetində respublikamızın qərb regionunda ilk dəfə olaraq İnnovasiyalar departamenti fəaliyyətə başlayıb.

“İnnovasiyalar departamentinin əsas məqsədi ali təhsil mühitində təşəbbüskarlıq mədəniyyətini formalaşdırmaq  və innovasiya yönümlü sahibkarlığın inkişafı məqsədi ilə biznes inkubatorlarının yaradılmasına şərait yaratmaqdır. Beynəlxalq təcrübə də göstərir ki, innovasiya yönümlü iqtisadiyyatın inkişafını sürətləndirmək üçün ən əlverişli üsullardan biri universitetlərin tərkibində biznes inkubatorlarının və texnoloji parkların yaradılmasıdır”- deyə rektor Yusif Yusibov fikirlərini bölüşüb.

Tədbirdə çıxış edən universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, İnnovasiyalar departamentinin təşkilatçılığı ilə həyata keçirilən “Yeni bir fikrim var” təşəbbüskarlıq müsabiqəsi üçün ötən ilin dekabrından müraciətlərin qəbuluna başlanılıb. Müsabiqədə ümumilikdə akademik heyət tərəfindən 43, tələbələrdən isə 62 müraciət qeydə alınıb. Onlardan finala akademik heyət üzrə 5, tələbələr üzrə isə 7 layihə irəliləyə bilib.

Müsabiqədə həm akademik heyət, həm də tələbələrin layihələrindən finala çıxan ilk 3 yerin qalibinin pul mükafatı qazanacağını deyən Pərvin Kərimzadə bildirib ki, layihənin həyata keçirilməsində Türk Hava Yolları, “Bakcell” və “Coca-Cola Bottlers” LTD,  şirkətləri, eləcə də yerli iş adamları  maliyyə dəstəyi göstəriblər.

Sonra müsabiqə iştirakçıları münsiflər qarşısında özlərinin yeni layihələri əsasında hazırlanmış təqdimatla çıxış ediblər.

Sonda münsiflər heyəti tərəfindən iştirakçıların layihələri qiymətləndirilib və həm akademik heyət, həm də tələbələr arasından ilk üç yerin qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, münsiflər heyətinin çoxballı qiymətləndirməsinə əsasən akedemik heyət içərisində Vaqif Rüstəmovun  “Arıları gənələrdən xilas edən qurğu” adlı layihəsi 1-ci yerə, Cavid Bağırzadənin “Tarixi abidələrin öyrənilməsi və təbliği üzrə turizm şirkətinin yaradılması” layihəsi 2-ci yerə, Əbülfət Məhərrəmovun “Meyvə qurudan qurğu” layihəsi isə 3-cü yerə layiq görülüb. Həmçinin maraqlı təqdimatlarla çıxış edən tələbələrdən Sevinc Quliyevanın “Erkən yaşda düzgün ixtisas seçimin aparılması” layihəsi 1-ci yerə, Türkiyə Respublikasının vətəndaşı olan əcnəbi tələbə Mihrican İnakın “Kaliforniya  soğulcanı vasitəsilə gübrə istehsalı” layihəsi 2-ci yerə, İlkin Məmmədzadənin  “Gəncə şəhərində turizm yerlərini göstərəcək xəritə” layihəsi isə müsabiqənin 3-cü yerini qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − thirteen =