Tələbələr, narkomaniyaya yox deyək!

Gəncə Dövlət Universitetində “Narkomaniyaya yox deyək!” devizi ilə maarifləndirici tədbir keçirilib.

Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) təşkilatçılığı ilə keçirilən tədbirdə BPİ-nin nümayəndələri və ali təhsil müəssisəsinin tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Faiq Şabanov bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual olduğunu, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində saxlanıldığını və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyi bildirib.

BPİ-nin rəisi Azərbaycanda bu problemlə mübarizənin əsasının ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1999-cu il tarixli Qanunla qoyulduğunu və Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş 2013–2018-ci illər üçün Dövlət Proqramı ilə bu istiqamətdə mübarizənin davam etdirildiyini deyib. Aparılan uğurlu siyasətin nəticəsi olaraq son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyi, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lərin, ictimai təşkilatların da fəallığının artırıldığı vurğulanıb.

Həmçinin çıxış edən Gəncə Şəhər Rayonlararası Narkaloji Dispanserin Baş həkimi Sahil İsmayılov Gəncədə narkomaniya əleyhinə keçirilən tədbirlər, narkomaniyanın fəsadları, ondan qorunmağın yolları, bu dəhşətli bəla ilə mübarizə istiqamətində birgə əməkdaşlığın vacibliyi barədə məlumat verib.

Gəncə Şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri, istefada olan polkovnik-leytinat Məhəmməd Hümbətov  narkotikin
insana  mənəvi və maddi zərərlərindən, eləcə də narkotik və psixotrop maddələrin yaratdığı problemlərdən söhbət açıb, gəncləri diqqətli olmağa və asılılıq yaradan, insanı məhvə sürükləyən kənar, zərərli təsirlərdən uzaq olmağa çağırıb.

Daha sonra universitetin rektoru, professor Yusif Yusibov bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib. Tələbələrə dövlət üçün layiqli vətəndaş olmaları, daim xalqın inkişafı üçün yüksək amallar naminə fəaliyyət göstərmələri tövsiyə olunub.

Sonda tələbələrlə mövzuya dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + fourteen =