Açıq dərs: “Kainatın yaranması və inkişaf mərhələləri”

Fizika ve texniki fənlər fakültəsinin təşkilatçılığı ilə “Kainatın yaranması və inkişaf mərhələləri” mövzusunda genişləndirilmiş auditoriya üçün seminar təşkil edilib.

Seminarda universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Fəxrəddin Məmmədov, Fizika və texniki fənlər fakültəsinin dekanı, professor  Muğan Quliyev, Fizika kfedrasının müdiri dosent Niyazi Quliyev, ixtisasçı alim və müəllimlər, tələbələr, eləcə də ümumtəhsil məktəblərinin pedaqoqları iştirak ediblər.

Tədbiri açan Gəncə Dövlət Universitetinin prorektoru Fəxrəddin Məmmədov bildirib ki, universitetin alimləri və gənc müəllimləri tərəfindən təqdim edilən mövzular istər ixtisasçılar, istərsə də dinləyicilər tərəfindən yüksək dəyərləndirilir.

Fizika fakültəsinin dosenti Rizvan İmanov yeni mövzunu dinləyicilərə təqdim edib.

Bildirilib ki, Qurani Kərimdə kainatın yaranması belə açıqlanır “ O göyləri və yeri yoxdan var edəndir”.

Quranda verilən bu məlumat müasir elmin kəşfləri ilə üst-üstə düşür. Bu gün astrofizika bütün kainatın maddə və zaman ölçüləri ilə birlikdə sıfır həcmdən böyük partlayışla əmələ gəldiyini aşkar edib. “Böyük partlayış”, orijinal adı ilə “Big Bang” nəzəriyyəsi bütün kainatın təqribən 15 milyard il əvvəl bircə nöqtənin partlaması ilə yoxluqdan meydana gəldiyini sübut edir. “Böyük partlayış” nəzəriyyəsi bu gün kainatın əmələ gəlməsi və başlanğıcı haqqında bütün elm adamları tərəfindən qəbul edilmiş yeganə elmi açıqlamadır.

“Big Bang”dən əvvəl maddə yox idi. Maddənin, enerjinin, hətta zamanın belə olmadığı, tamamilə metafizik yoxluq mühitində maddə, enerji və zaman yaradılmışdır. Müasir fizikanın aşkar etdiyi bu fakt Quranda bizə 1400 il əvvəl xəbər verilib.

Qeyd edilib ki, kainat yarandığı andan bəri genişlənir. Bunun sübutunu verən şəxs məhz Edvin Hubble olmuşdur. 1929-cu ildə o, ulduzlardan gələn şüalarda baş verən rəng dəyişikliklərinə əsaslanaraq digər qalaktikaların bizim “Süd yolu” qalaktikamızdan get-gedə uzaqlaşdıqlarını söyləyib. Məlum fizika qanunlarına görə, əgər müşahidə edilən işığın mənbəyi müşahidəçiyə yaxınlaşırsa, onda bu işıq şüası bənövşəyi rəngə doğru, yox əgər uzaqlaşırsa qırmızı rəngə doğru meyl edir. Bu qanun avstriyalı fizikaçı Doppler tərəfindən verilib. Həmin qanuna uyğun olaraq Hablın müşahidəsi göy cisimlərinin bizdən uzaqlaşdığını göstərib. Müşahidələrin davamında qalaktikaların təkcə bizim qalaktikadan deyil, fəzanın hansı istiqamətinə baxılmasından asılı olmayaraq bütün qalaktikaların bir-birindən uzaqlaşdığı öyrənilib.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 3 =