Əməkdaşlarımızın Erasmus+ PETRA layihəsi çərçivəsində Debreçen Universitetinə səfəri uğurla yekunlaşdı

Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus+ PETRA “Azərbaycan Universitetlərində Öyrənmə və Təlimin Təkmilləşdirilməsi ” layihəsi çərçivəsində Macarıstan Respublikasının Debreçen şəhərində yerləşən Debreçen Universitetində beynəlxalq seminar baş tutdu. Səfər 16-22.10.2017-ci il tarixlərində Avropalı tərəfdaş təşkilat olan Debreçen Universitetində təşkil olundu. Səfərin əsas məqsədi təlim və təhsildə innovativ metodlarla tədrisin təşkili, beynəlxalq təcrübənin öyrənilməsi və layihədə tərəfdaş qismində üzv olan Azərbaycan universitetlərində tətbiqi nəzərdə tutulub.

Seminarda universiteti Vasif Həsənov (İnnovasiyalar departamentinin direktoru), Ruslan Məmmədov (Beynəlxalq əlaqələr şöbəsinin müdiri) və Pərviz Adıgözəlov (Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri) təmsil etdilər. Səfərdə layihəyə üzv olan yerli və avropa ali təhsil müəssisələrinin əməkdaşları ilə yanaşı Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı da iştirak edirdi. Səfərin ilk günü qonaqlar Debreçen Univeristeti haqqında tədqimat və ümumi məlumat dinlədilər.

Səfərin ikinci günü dəyirmi stol ətrafında qrup halında müzakirəli seminarlar təşkil olundu. Əməkdaşlarımız bu müzakirələrdə fəal iştirak etdilər.

Səfərin üçüncü günü Debreçen Universitetində “Təlim və tədrisin keyfiyyətinin artırılması” adlı beynəlxalq konfrans təşkil olundu. Sevindirici haldır ki, əməkdaşlarımız Vasif Həsənov və Ruslan Məmmədov öncədən təqdim etdikləri məqalə əsasında beynəlxalq konfransda uğurlu təqdimat etdilər.

Ümumilikdə Debreçen təcrübəsi müddətində əməkdaşlar tədris prosesini, İKT-nin tədrisdə tətbiqi, beynəlxalq mübadilə proqramları və fakültələrdə tədrisin  innovativ metodlarla necə təşkil olunduğu haqqında məlumatlandılar.