Universitetin ümumtəhsil məktəbləri ilə əməkdaşlığı genişlənir

  • ?

Gəncə Dövlət Universitetinin ümumtəhsil məktəblərində təbliği məqsədilə professor-müəllim heyəti üzvlərindən yaradılmış işçi qrupunun şəhərin 1, 2, 4, 5, 23, 34, 41 və 43 nömrəli tam orta məktəblərində yuxarı sinif şagirdləri ilə görüşü keçirilib.

Bu barədə işçi qrupun sədri, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Allahverdi Quliyev Mətbuat və ictimaiyyətə əlaqələr xidmətinə məlumat verib.

Bildirilib ki, universitetin rektoru, professor Yusif Yusibovun müvafiq əmrinə əsasən ali təhsil müəssisəsinin uğurlarının daha geniş təbliği məqsədilə işçi qrup yaradılıb və şəhərin ümumtəhsil məktəblərində məktəbin pedaqoji kollektivi, yuxarı sinif şagirdləri və valideynlərlə görüşlər təşkil edilib.

Əvvəlcə Gəncə Dövlət Universitetinin uğurlarını özündə əks etdirən videoçarx izlənilib.

Sonra görüş iştirakçılarına universitetdə tədris prosesinin təşkili, elmi-tədqiqat işləri, eləcə də dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq və həyata keçirilən bir sıra beynəlxalq layihələr, akademik mobilllik proqramları haqqında ətraflı məlumat verilib.

Universitetin elmi kadr potensialının yüksək olduğunu deyən Allahverdi Quliyev bildirib ki, hazırda universitetdə 1 nəfər AMEA-nın Müxbir üzvü, 15 elmlər doktoru, 190 fəlsəfə doktoru, 16 professor, 144 dosent olmaqla ümumilikdə 541 professor-müəllim heyəti təlim-tədris və elmi tədqiqat işləri ilə məşğul olur. Universitetdə 8 fakültə, 1 əlavə təhsil fakültəsi fəaliyyət göstərir. Bakalavr və magistratura səviyyələrində 41 ixtisas üzrə 6 min tələbə təhsil alır.

İşçi qrupun üzvü, Qrammatika və İngilis dilinin tədrisi kafedrasının müdiri Mehdi Rəhimov son illərdə Xarici dillər fakültəsində təhsil alan tələbələrin praktik xarici dil bacarıqlarının inkişafı istiqamətində görülmüş işlərdən danışıb.

Azərbaycan tarixi kafedrasının əməkdaşı, dosent Cavid Bağırzadə tarixi irsimizin, maddi-mədəni nümunələrimizin, eləcə də mədəniyyət abidələrimizin tanıdılması və təbliği istiqamətində universitet rəhbərliyinin təşəbbüsü ilə Qədim Gəncə ərazisinə, Hacıkəndə, Göy gölə, eləcə də bir çox muzeylərə təşkil olunan ekskursiya və eko turların əhəmiyyətindən danışıb.

Son illər Gəncə şəhərində və respublikamızda həyata keçirilən bir çox yerli və beynəlxalq layihələrdə GDU-nun tələbələrinin fəal iştirak etdiyini deyən Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov bu cür tədbirlərin tələbə-gənclərin dünyagörüşünün inkişafındakı əhəmiyyətini qeyd edib.

Bildirilib ki, 2016-cı ildə Gəncə Avropa Gənclər Paytaxtı, 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı titulunu qazandıqdan sonra bu layihələr çərçivəsində Nizami yurdunda çoxlu sayda yerli və beynəlxalq tədbirlər keçirilib. Məhz bu layihələr çərçivəsində təşkil olunan açılış mərasimlərində, seminar, təlim, fləşmob və bayram şənliklərində universitetin tələbə-gəncləri könüllü kimi yaxından iştirak ediblər.

Təlim-təhsil və elmi yaradıcılıqla bərabər, universitetdə tələbələrin asudə vaxtlarının səmərəli təşkil olunduğunu deyən Orxan Məmmədov vurğulayıb ki, il ərzində tələbələrin dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksinə, Heydər Əliyev Park Kompleksinə, Tarix Diyarşünaslıq Muzeyinə, Mirşə Şəfi Vazeh Muzeyinə, Məhsəti Gəncəvi Mərkəzinə, Gəncə Qala Arxeologiya və Etnoqrafiya Muzeyinə, eləcə də bir çox gəzməli-görməli yerlərə ekskursiyaları təşkil olunur.

Şagirdlərə universitetdə keçirilən kütləvi-mədəni tədbirlər, xüsusən tələbələr tərəfindən böyük maraqla qarşılanan könüllü qış və yay məktəbləri, çoxsaylı sərgilər, müsabiqələr, tələbə konfransları, təqdimatlar və digər maarifləndirici tədbirlər haqqında geniş məlumat verilib.

Sonda tədbir iştirakçılarına bukletlər paylanılıb və daha yaxından tanışlıq üçün şagirdlər universitetə dəvət olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =