AİLƏ SAĞLAM CƏMİYYƏTİN VƏ GÜCLÜ DÖVLƏTİN TƏMƏLİDİR

Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs sayılıb. Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur.

Dövlətimiz cəmiyyətin əsas atributu olan ailənin rifah halının gündən-günə daha da artmasının qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq edir.

Bu fikirlər Beynəlxalq Ailə Günü münasibətilə Gəncə Dövlət Universitetində keçirilən tədbirdə səsləndirilib.

Universitetin Humanitar məsəslələr üzrə prorektoru Gülsüm Fətəliyeva qeyd edib ki,  Azərbaycanda sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Bu siyasətin təməli ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə qoyulub. Ailənin inkişafı, onun cəmiyyətdə yerinin möhkəmləndirilməsi məqsədilə bir sıra qanunvericilik aktları qəbul edilib. Ulu Öndərin 1998-ci il yanvarın 14-də imzaladığı Fərmana əsasən Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsini yaradılıb.

Bildirilib ki, bu məsələyə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalayıb. Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi müxtəlif proqram və layihələr ailələrin dəstəklənməsi və təminatı üçün böyük əhəmiyyət daşıyır.

Tədbirdə 2 saylı xəstəxananın Terapiya şöbəsinin müdiri Tükəzban Əliyeva, Ali dərəcəli həkim ginekoloq Raya Məmmədova  uşaq və valideynlər arasında sağlamlıq və səhiyyə xidmətləri mövzularında məruzələrlə çıxışlar ediblər.

Tədbirdə çıxış edən digər məruzəçilər qeyd ediblər ki, ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır. Ailə həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. Ailə dəyərlərin uşaqlara köçürüldüyü əhəmiyyətli bir müəssisə, fərdin ilk təhsil və tərbiyəsini aldığı nüvə təşkilat, şəxsiyyətin və xarakterin formalaşdığı başlanğıc mühitdir.

Sağlam ailə sağlam cəmiyyət deməkdir. Başqa sözlə, toplumun, dövlətin əsasını sağlam ailələr təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 15 =