Universitet əməkdaşı Beynəlxalq “Ailə günü” bayramında təmsil olunub

Qubada Beynəlxalq Ailə Günü münasibətilə bayram keçirilib.

Rayon Olimpiya İdman Kompleksində təşkil olunan bayram tədbirində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, UNİCEF və BMT-nin nümayəndələri və respublikanın müxtəlif rayonlarından dəvət olunmuş nümunəvi ailələr iştirak ediblər.

“Ailə günü” bayramında Gəncə Dövlət Universitetinin “Qrammatika və ingilis dilinin tədrisi” kafedrasının müdiri Mehdi Rəhimov öz ailəsi ilə birlikdə təmsil olunub.

Əvvəlcə iştirakçılar müxtəlif mövzuları əks etdirən stendlərlə tanış olublar. Burada ailələr iştirak etdikləri nominasiyalar üzrə təqdimatlarını nümayiş etdiriblər.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev qeyd edib ki, ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-ailə siyasəti bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Qeyd edilib ki, imzalanan sərəncamlar və təsdiq edilən dövlət proqramları, həyata keçirilən sosial layihələr hər bir vətəndaşın maraqlarının və hüquqlarının maksimum müdafiəsinə yönəlib. Bu isə Azərbaycan ailəsinin həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.

Bayram tədbirində UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin Azərbaycanda ailələrin xoşbəxt, firavan yaşaması üçün onlara yaradılmış şəraiti, dövlət qayğısını təqdir edib.

Edvard Karvardin diqqətə çatdırıb ki, BMT Baş Assambleyası beynəlxalq ictimaiyyətin diqqətini ailə institutuna cəlb etmək, bu müqəddəs birliyin qorunub saxlanılmasının vacibliyini önə çəkmək məqsədilə 1993-cü ildə 15 may tarixinin Beynəlxalq Ailə Günü kimi qeyd olunması barədə qərar qəbul edib. 1994-cü ildən bu tarix bütün dünyada geniş şəkildə bayram edilir, hər bir ölkədə ailə institutunun inkişafı və problemlərinin həlli məqsədilə kompleks tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinin də ailə siyasəti olduğunu diqqətə çatdıran Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ölkəmizdə ailə məsələlərinə böyük diqqət yetirilir. Həmçinin bu sahədə mövcud problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərilir.

Qeyd edilib ki, komitə tərəfindən dövlət-ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədilə cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi iş aparılır. Bu istiqamətdə reallaşdırılan tədbirlərin bir hissəsi kimi 2008-ci ildən etibarən Dövlət Komitəsi tərəfindən 15 may Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlər və yekun olaraq “Ailə bayramı” keçirilir. Bundan əvvəlki illərdə “Ailə bayramı” Şamaxı, Lənkəran, Qax, Xaçmaz, İsmayıllı, Şəki, Abşeron və Şəmkir rayonlarında qeyd olunub.

Komitə sədri bildirib ki, builki “Ailə bayramı” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. Bu il həm də 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsinin 100 illiyi qeyd olunur.

Çıxışlardan sonra bayram iştirakçısı olan ailələr arasından 6 nominasiya üzrə seçilən qaliblərə mükafatlar təqdim olunub.

Tədbir bayram konserti ilə davam etdirilib.