Universitetdə “Sosial işin təşkili: dünya təcrübəsi, metodlar, standartlar” mövzusunda tədbir keçirilib

Gəncə Dövlət Universitetində “Təmas” Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə “Sosial işin təşkili: dünya təcrübəsi, metodlar, standartlar” mövzusunda tədbir keçirilib.

“İnsan alveri və potensial insan alveri qurbanlarına  xidmət göstərən  Regional Reabilitasiya-Reinteqrasiya  Mərkəzinin dəstəklənməsi”  layihəsi çərçivəsində təşkil olunan tədbir Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşıb.

Tədbirdə universitetin sosial iş ixtisasında təhsil alan tələbələri və bu ixtisası tədris edən müəllimlər iştirak ediblər.

Tədbiri açan universitetin prorektoru Gülsüm Fətəliyeva qonaqları salamlayıb və layihənin icrasının əhəmiyyətindən danışıb.

Layihə rəhbəri  Kubra Ələkbərova  icra olunan layihə,  donor təşkilat və layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər haqqında geniş məlumat verib.

Təlimçi-ekspert Gülnar Nəzərova öz çıxışında bildirib ki, ölkəmizdə  Sosial iş ixtisası hələ gənc olmasına baxmayaraq son illər ərzində bu sahənin inkişafına dair geniş  fəaliyyətlər həyata keçirilir.

“Sosial iş insanların onları əhatə edən mühitdə mümkün qədər daha yaxşı fəaliyyət göstərmələri üçün onlara yardım etməyə istiqamətlənmiş peşədir. Bütün dünyada Humanitar və demokratik ideyalara əsaslanaraq yaranan sosial iş təcrübəsi insan ehtiyaclarını və potensialını inkişaf etdirmək üzərində fokuslaşıb. İllər keçdikcə sosial iş özündə bir sıra dəyərləri (səmimilik, vicdanlıq, empatiya, rəhimdillik, peşəkarlıq, insan münasibətlərinin əhəmiyyətliyi” birləşdirib” – deyə G. Nəzərova qeyd edib.

Tədbirdə  Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının əməkdaşları və Böyük Britanıyalı uşaq müdafiəsi mütəxəssisi, sosial işçi Cohanne Şutt, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası  ictimai birliyiinin Gəncə filialının əməkdaşları  iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =