Milli Qurtuluş günü müasir Azərbaycan tarixinin şərəf səshifəsidir

İyunun 12-də Gəncə Dövlət Universitetində(GDU) Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

“Milli Qurtuluş günü müasir Azərbaycan tarixinin şərəf səshifəsidir” mövzusunda keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Əvvəlcə Milli Qurtuluş gününə həsr olunmuş video çarx izlənilib.

Tədbirdə çıxış edən universitetin rektou professor Yusif Yusibov 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən danışıb.

Bildirilib ki, müstəqilliyimizin ilk illərində ölkəmizdə anarxiya, xaos hökm sürürdü. Belə çətin vəziyyətdə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev Bakıya dəvət olundu, bundan sonra ölkədə ictimai-siyasi sabitlik yarandı. Ulu Öndərin müdrik siyasəti nəticəsində sosial-iqtisadi və siyasi inkişafa nail olundu, dövlətçiliyimizə yönəlmiş qəsdlərin qarşısı hər dəfə qətiyyətlə alındı.

Rektor vur]ulayıb ki, 20-ci əsrin sonlarında ikinci dəfə müstəqilliyinə nail olan Azərbaycanda  sonradan hakimiyyəti ələ almış AXC-Müsavat cütlüyü rəhbərlərinin də siyasətdəki naşılığı ölkəmizi beynəlxalq aləmdən təcrid etdi. Xarici siyasətdə bir-birinin ardınca atılan uğursuz addımlar nəticəsində Azərbaycan beynəlxalq aləmdə təkləndi. Ermənistanın hərbi təcavüzünə məruz qalan müstəqil dövlətimizin əraziləri bir-birinin ardınca işğal olunurdu. Azərbaycanın ağır iqtisadi böhranı və daxili qeyri-sabitliyi getdikcə dərinləşirdi. Belə bir şəraitdə hadisələrin gedişindən baş çıxara bilməyən AXC-Müsavat cütlüyünün rəhbərləri çaşqınlıq içərisində qalmışdılar. Onlar heç bir ölkə ilə məntiqli diplomatik əlaqələr qura bilmirdilər. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin prezident seçilməsindən sonra ölkənin davamlı inkişafı təmin olundu, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiya işlənib hazırlandı. Dövlət idarəçiliyində zəngin təcrübəyə malik olan Ulu Öndər ilk növbədə daxildə davamlı sabitliyi təmin etdikdən sonra müstəqil dövlətimizin beynəlxalq aləmdə əlaqələrinin genişləndirilməsi məqsədi ilə mühüm əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsinə nail oldu.

Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva qeyd edib ki, 1991-1993-cü illərdə baş verən siyasi təbəddülatlar, iqtisadi böhran, siyasi hərc-mərcliyin doğurduğu anarxiya və cəbhədəki uğursuzluqlar Azərbaycana qətiyyətli, təcrübəli liderin rəhbərlik etməsini qaçılmaz zərurətə çevirmişdi. Xaotik proseslər və bunun fonunda hakimiyyətin son dərəcə qətiyyətsizliyi təsdiq edirdi ki, yalnız möhkəm siyasi iradəsi olan rəhbər Azərbaycanı parçalanmaqdan qurtarmaq, dövlət müstəqilliyimizi yaşatmaq kimi ağır missiyanın öhdəsindən gələ bilər. Bu lider isə xalqın məhəbbətini hələ uzun illər əvvəl qazanmış Heydər Əliyev idi. Ümummilli Liderin rəhbərliyi ilə hələ 1969-1982-ci illərdə ictimai həyatın müxtəlif sahələrində köklü dəyişikliklər baş verib, öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində şanlı səhifələr yazılıb.

GDU-nun YAP-ın sədri, dosent Cavid Bağırzadə, Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov və Azərbaycan tarixi kafedrasının baş müəllimi Elminaz Namazova  çıxışlarında  onu da vurğulayıblar ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etsə də, bu istəyini reallaşdıra, dövrün doğurduğu ağır problemlərin öhdəsindən gələ bilməmişdi. Nəticədə iqtisadi tənəzzül dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının, insan hüquq və azadlıqlarının qorunmasında ciddi problemlər yaranmışdı. Xüsusən də 1992-ci ilin mayında silahlı yolla hakimiyyətə gələn AXC-Müsavat rəhbərliyinin siyasi səriştəsizliyi, qətiyyətsizliyi Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükəyə çevrilən neqativ meyillərin baş qaldırmasına – siyasi mübarizədə qanunsuz silahlı birləşmələrdən istifadəyə, etnik separatizmə, vətəndaş itaətsizliyinə gətirib çıxarmışdı.

1993-cü ilin iyununda xalqın tələbi ilə Ulu Öndərin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra ölkədə qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə, hüquqi, siyasi və iqtisadi islahatlara başlanılıb, ictimai-siyasi sabitlik bərqərar olub. Azərbaycan xalqı onu bəlalardan qurtaran xilaskarını – Heydər Əliyevi 1993-cü il oktyabrın 3-də görünməmiş siyasi fəallıq və ruh yüksəkliyi ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçib. Beləliklə, ölkədəki siyasi hakimiyyət böhranı tam aradan qaldırılıb. Qısa vaxtda yüksək döyüş qabiliyyətli, vahid komandanlıqdan idarə olunan ordu yaradılıb, Silahlı Qüvvələrimizin ilk həmləsində Horadiz qəsəbəsi və ətraf yaşayış məntəqələri işğaldan azad edilib.

Ümumiyyətlə, Ümummilli Liderin rəhbərliyi ilə 1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni – Azərbaycan modelinin formalaşmasına zəmin yaradıb.

Tədbirdə o da vurğulanıb ki, ulu öndər Heydər Əliyevin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir.

Sonda Pedaqoji fakültənin dekanı dosent Bayram Apoyev və Tarix – coğrafiya fakültəsinin III kurs tələbəsi Çinarə Hümbətova Azərbaycan dövlətinin banisi Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirərək dahi şəxsiyyətin yaddaşlarda daim yaşayacağını bildiriblər.