Gəncə Dövlət Universitetində “Azərbaycan ordusu sülhün təminatçısıdır” mövzusunda tədbir keçirilib

Gəncə Dövlət Universitetində Silahlı Qüvvələr günü münasibəti ilə “Azərbaycan ordusu sülhün təminatçısıdır” mövzusunda tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva bildirib ki, 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görüb. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlər olub.

“Ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir prosesdir. AXC yarananda Azərbaycanda milli ordu yox idi. Ordusuz dövlət yaşaya bilməz. O vaxt isə vəziyyət olduqca gərgin idi. Gənc Azərbaycan Xalq Cümhuriyyətini parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıqdan-açığa öz məkrli fikirlərini bildirirdilər.Milli dövlətin meydana gəldiyi ilk gündən Ermənistan öz ərazisini Azərbaycan ərazisi hesabına genişləndirmək üçün silahlı cəhdlər göstərməyə başladı” – deyə G. Fətəliyeva qeyd edib.

Bildirilib ki, AXC hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yaradılıb. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verib. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında hökumət tərəfindən fərman verilib. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olunub.

Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilib.

1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanunu qəbul olunub.

Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Vurğulanıb ki, 1991- ci il 18 oktyabrda öz müstəqilliyini bərpa etmiş Azərbaycan elə müstəqilliyinin ilk günlərində mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətlə üzləşib. Vahid komandanlığın olmaması  Azərbaycan daxilində qardaş qırğınının  başlamasına, Dağlıq Qarabağda 20 faizdən artıq torpaqlarımızın ermənilər tərfindən işğalı ilə nəticələnib. 1993- cü il iyun ayında xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən Azərbaycana dönüşü qardaş qırğının qarşısını almaqla yanaşı, mərkəzi komandanlığa bir başa tabe olan ordu quruculuğunu yaradıb. 1994-cü ildə mayın 12 də atəşkəsin imzalanması ilə ordu quruculuğunda böyük islahatlar aparılıb. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edilib. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olunub. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb, hərbi vətənpərvərlik işi gücləndirilib. Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması diqqətdə saxlanılıb. Ümummilli lider Heydər Əliyevin 70- ci illərdə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi litsey dahi şəxsiyyətin bir daha uzaq görənliyindən xəbər verir.

Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev ulu öndər Heydər Əliyevin Azərbaycan ordusunun müasir səviyyədə formalaşdırılması və təkmilləşdirilməsində misilsiz xidmətlərindən danışıb. Baş müəllim  Azərbaycan iqtisadiyyatının yüksəlişinin, bütün sahələrdə olduğu kimi, ölkənin hərbi qüdrətinin də artmasında müsbət təsirini vurğulayaraq, ordumuzun ərazi bütövlüyümüzü bərpa edəcək qüdrətə malik olduğunu qeyd edib. Azərbaycan ordusu bölgədə sülhün təminatçısıdır. Ali Baş Komandan, Prezident İlham Əliyev Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etmiş, lakin bunun mümkün olmadığı halda, ölkəmizin beynəlxalq normalar çərçivəsində hərbi üsula da əl atmaq səlahiyyətlərinə malik olduğunu vurğulayıb.

Coğrafiya kafedrasının baş müəllimi Arifə Əhmədova geosiyasi məkanda Azərbaycan ordusunun inkişafından danışıb. Silahlı Qüvvələrimizdə həyata keçirilən islahatların nə dərəcədə uğurlu olmasına 2016-cı ilin aprelində həyata keçirilən əks-həmlə əməliyyatı əyani sübutdur. Silahlı Qüvvələrimizin bu əməliyyatda əsas hədəfi Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinə yaxın kəndlərdə yaşayan və düşmən tərəfindən daim atəşə məruz qalan azərbaycanlı dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə erməni hərbi birləşmələrinin atəş nöqtələrini zərərsizləşdirmək idi. Qarşımızda duran ən mühüm vəzifə isə işğal altındakı torpaqlarımızı tezliklə azad edərək xalqımız və dövlətimiz tərəfindən Silahlı Qüvvələrə göstərilən etimadı doğrultmaqdır.

 

Pedaqoji fakültənin dekanı dosent Bayram Apoyev , Azərbaycan dili kafedrasının dosenti Gülarə Məlikova və baş müəllimi Mətanət Mahmudova bildiriblər  ki, bu gün müstəqilliyimizin, dövlətçiliyimizin qarantı təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuzdur. İnkişaf və tərəqqisinin yeni mərhələsinə qədəm qoyan nizami ordumuz regionda ən güclü orduya və xalqın güvənc yerinə çevrilib. Azərbaycan qüdrətli ordunun hesabına itrilmiş torpaqları ilə yanaşı tarixi torpaqlarını da geri qaytaracaq. Zəngin hərbi tarixə malik Azərbaycan xalqı öz Silahlı Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq dövlət quruculuğu yollarında daha inamla addımlayacaq və yeni zəfərlər qazanacaq.

Tədbir Musiqi fənləri kafedrasında təhsil alan tələbələrin  ifa etdikləri mahnı çələngi ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × five =